Eks deputat: “Xocalıya qədər Qarabağın 11 kəndi yerlə yeksan edilib”
VOİCEPRESS-in növbəti eksklüziv müsahibi eks deputat, tarix elmlər doktoru, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, xanım Həvva Məmmədovadır:
– Həvva xanım, Xocalı soyqrımınin il dönümü ərəfəsindəyik. Artıq azərbaycanlıların etnik təmizlənməyə uğranıldığı həmin faciədən 25 il ötür. Lakin hesab edirəm ki, biz bu günə kimi yetəri qədər bu ağrı-acımızı dünya ictimaiyyətinə çatdıra bilməmişik. Görünür, yetəri qədər danışmamışıq…
-Elədir. Mən bildiyiniz kimi tarix müəlliməsiyəm. Bilmirəm kim necə, mən dəfələrlə Xocalıdan, başımıza gətirilən o müsibətdən danışıram. Danışmalıyam da. Mən danışmasam, o danışmasa bəs kim danışacaq? Amma tək danışmaqla da, iş düzəlmir. Biz bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Onlara duyurmaq üçün səy göstərməliyik. Çünki Xocalı soyqrımı bir türkün, türk torpağından izinin silinməsinə hesablanmış bir qətliam idi.
– Həvva xanım, siz hələ millət vəkili ikən müsahibələrinizin birində qeyd etmisiniz ki, “mən millət vəkili olsam da, mən də, bir qaçqınam”. Bildiyimiz qədəriylə Xankəndində yaşayırdınız. 1988-ci ildən etibarən ermənilər necə hərəkətə keçdilər? Həmin qanlı tarixi anlar xatirinizdədirmi?
-Mən 1980-ci ildə Xankəndi Pedeqoji institunu bitirmişəm. Təyinatla 6 saylı S. Vurğun adına orta məktəbə gəlmişəm. Mənim ana yurdum Şuşadır. Özüm isə Bərdədə dünyaya gəlmişəm. Yoldaşım isə Xankəndidəndir. 1976-cı ildə Xankəndi pedeqoji İnstituna qəbul olduqdan sonra 1992-ci ilədək mənim bütün həyatım Xankəndi ilə bağlıdır. Və Xankəndidən məcburi köçkün düşərək Bakı şəhərinə pənah gətirmişik. 1988-ci il fevral ayının 3-də Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi üçün ermənilər mitinqlərə başladılar. Həmin vaxtdan 29 il keçir. 29 ildir ki, xalqımız bu ağrı-acı ilə yaşayır. Həmin mitinq günü mən Səməd Vurğun adına 6 saylı orta məktəbdə dərsdə idim. Şagirdlərimdən biri mənə belə bir sual verdi ki, bu mitinqlərin sonu necə olacaq? O, zaman bu suala cavab vermək çox çətin idi. Heç kimin ağlına belə gəlməzdi ki, bu mitnqlər daha da dərinləşəcək, zavodlarda, fabriklərdə işləyən azərbaycanlılar işdən çıxarılacaq, və ən nəhayət doğma yurdlarından, öz evlərindən didərgin salınacaqlar…
-Amma kütləvi aksiyalara başlamazdan əvvəl Qarabağda azərbaycanlılara ikili standartlarla yanaşıldığını etiraf edənlər var. Məhz həmin yanaşma tərzi Xocalı faciəsinin qığılcımları idi. Elə deyilmi?
[justify]-Bəli, baş verən hər bir hadisə sanki kino lenti kimi hər dəfə danışanda gözümün qarşısında canlanır. Qarabağda bütün kinoteatlada ermənilərə genosid filmləri göstərilirdi. Küçələrdə saqqallı, tanımadığımız insanlara rast gəlirdik. O, zaman Azərbaycana rəhbərlik edən şəxslər dərk edə bilmirdilər ki, saxta sənədlərlə Suriyadan, Liviyadan gətirilmiş ermənilər Qarabağda yerləşdirilirlər. Onlar bu yolla süni sürətdə ermənilərin Qarabağda nüfuzunu artırırdılar. Mən sonuncu dəfə 1979-cu ildə Qarabağda yaşayan bir müəllimə kimi siyahıya alınmada iştirak etmişdim. 1989-cu ildə isə o siyahıya alınmada iştirak etmək, bizə nəsib olmadı. Artıq o zaman bu münaqişə başlamışdı. Həmin siyahıya alınmada heç bir azərbaycanlının iştirak etməməsi üçün bütün önləmlər alınmışdı. iştirak etmirdi. Açıq-aşkar ermənilərin nüfuzu süni sürətdə artırıldı…
Ən dəhşətli məqam da, odur ki, bu gün də, həmin statistika 1989-cu ildəki statistikaya görə təşkil olunur. ..
-Məni narahat edən məsələlərdən biri də statistikada Qarabağda 14 bəzən də 16 min azərbaycanlının yaşadığının qeyd olunmasıdır. Qarabağda qeydiyyatda olmayan ən az 25 min azərbaycanlı yaşayıb. Nə qədər insan qeydiyyat oluna bilmədiyi üçün Qarabağı tərk edib gedib. Bir dəfə qadın komitəsinin sədri, professor Zəhra Quliyeva ilə söhbət zamanı o, qeyd etdi ki, Heydər Əliyev hər zaman həkimlərin təyinatını Qarabağa verilməsini, orada azərbaycanlıların sayı artırılmasının tərəfdarı olub. 1982-ci ilə qədər Heydər Əliyevin hakimiyyəti dövründə Qarabağda azərbaycanlıların sayı şüurlu şəkildə artırlırdı. Çox təəssüfki, bu prosses Heydər Əliyevdən sonra dəyandırıldı. Bundan sonra Dağlıq Qarabağ sanki erməniləşdirlirdi. Qarabağın Azərbaycandan çox Ermənistana bağlılığı artırılırdı. Dağlıq Qarabağın bütün yeraltı və yerüstü sərvətləri Ermənistana axırdı. Qarabağa gətirilən bütün kadrlar Ermənistandan gətirilirdi.
– Deməli, prinsipial şəkildə ermənilər tarixən hər zaman olduğu kimi öz məkirli siyasətlərini yürüdürdülər. Böyük ehtimalla o zamanki rəhbərlik də, bu tarixi işğala imza atanlardan olub. Və ya bilərəkdən susdurulub…
-O, vaxtki rəhbərliyin Qarabağı tamamilə unudulmasına dəlalət edən qeyri adekvat cavabı, əslində orada yaşayan azərbaycanlıları çox ağır vəziyyətə saldı. 1988-ci il sentyabrın 18-də Qarabağda onlarla azərbaycanlının evi yandırıldı. Dağlıq Qarabağda baş verən bütün hadisələr Xocalı faciəsinə aparan bir yol idi. Xocalı 1988-ci ildən 1993-cü ilədək mühasirədə olub. 1989-cu il fevralın 20 də ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi üçün SSR-yə müraciət etdilər. 1991-ci ildə Dağlıq Qarabağın statusunu ləğv edilmişdi. Guyə ki, Dağlıq Qarabağın sosial iqtisadi göstəriciləri digər rayonlardan çox aşağı olduğu üçün Dağlıq Qarabağı Azərbaycanın tərkibindən ayırıb SSR-nin tərkibinə daxil etmişdilər. 1989-cu ildə Arxadi Volskinin rəhbərliyi ilə Qarabağda xüsusi idarəetmə komitəsi yaradılmışdı. Onun dövründə Qarabağın bütün rayonları, Malıbəyli, Quşçular, Kosalar, Meşəli, Cəmilli kimi kəndləri işğala məruz qaldı. 1990-cı ildə Xüsusi idarəetmə komitəsi ləğv edilərək, Viktor Petroviç Polyaçkinin rəhbərliyi ilə təşkilat komitəsi yaradıldı. Mən onların hər ikisinin də, dövründə Qarabağda işləmişəm. Arkadidən fərqli olaraq, Polyaçkinin azərbaycanlılara qarşı azda olsa yaxşı münasibəti var idi. Arkadinin bütün günü erməni araqlarını içməklə keçərdi. Kərkicahan 2 hissədən ibarət idi. Şimal hissədə azərbaycanlılar, cənubda isə ermənilər yaşayırdı. Elə ilk şəhidi də, kiçik bir qəsəbə olan Kərkicahan verdi.
O vaxt rəhbərlik Kərkicahanın arxasında dursaydı, oranın igid oğulları Şuşanın işağılına heç bir zaman imkan verməzdi. Ancaq bütün əlaqələr kəsildi, silah göndərilmədi… Kənd camaatı çox çətinliklər çəkdi. Orada qadınlar da, kişilər kimi gecə-gündüz keşik çəkirdi. Xocalıya qədər Qarabağın 11 kəndi yerlə yeksan edilib. Xocalı faciəsinə gedən yol 20 Yanvardan, 1991-ci ildə Qarakənd səmasında vurulan vertolyotdan, Azərbaycan hökumətinin ləyaqətli oğullarının məhv edilməsindən, 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa istiqamətində uçan vertolyotun vurluması və nəticədə 40 nəəfərin həlak olmasından keçir. Bunların heç birinə cavab verilmədi. İnsanlar başsız, köməksiz qalmışdı.
-Və qəribə olan bir fakt da, ondan ibarətdir ki, həmin ərəfə demək olar heç bir mətbu orqanda əks olunmayıb…tarix erməni məkirli siyasətinin qurbanına çevrilirdi…
-Tamamilə doğrudur. 1988-ci ildən 1992-ci ilə qədər Qarabağda baş verən hadisələrdən dünya xəbərsiz oldu. 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradıldı. 3 böyük dövlət həmsədr təyin edildi. Lakin nə Rusiya, nə Fransa, nə Amerika Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda heç bir addım atmayıb. Mən dəfələrlə çıxışlarımda demişəm ki, biz ATƏT-in Minsk Qrupundan imtina edə bilərik. Və ya Türkiyənin də, həmin qrupa daxil edilməsini təklif edə bilərik. Çünki hər 3 dövlətdə də, ermənilər və ermənilərin havadarları kifayət qədərdir.
-Deməli 1988-1992-ci illərdə tarixi faktların məhv edilməsi, bu gün siyasi faktların susdurulmasına hesablanmışdı. Və təəsüflər olsun ki, mövcud siyasi hadisələr beynəlxalq siyasi müstəvidə ikili standartlarla qarşılanır.
-Baxmayarq ki, 1994-cü ildən atəşkəs elan olunub, hər gün atəşkəs ermənilr tərəfindən pozulur.Zaman-zaman şəhidlərimiz olur.
Hesab edirəm ki, ATƏT-in Minsk Qrupunun “fəaliyyətsizliyi” ilə tarixə düşəcək. Bu qrupun tərkibində Türkiyə kimi bir dövlət olmalı idi. Türkiyə hər hansı bir nəticə əldə etməyə qadirdir. Əgər xatırlayırsınızsa, 2009-cu ildə Türkiyə sərhədlərinin açılması məsləsi gündəmə gəldiyi zaman Türkiyə bir şərt qoydu ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytardığı zaman sərhədlər açılacaq. Bu gün də, Türkiyə həmin sözün arxasında durur.
-Əsas məqamlardan biri də, o idi ki, Xocalı faciəsi daha əvvəl axı bu qədər hüznlə anılmırdı…
-Bəli. 1993-cü ildə Xocalı faciəsinin birinci il dönümü idi. İl dönümü indiki Heydər Əliyev sarayında keçirilirdi. Təsəvvür edin, mərasimdə heç bir dövlət rəsmisi yox idi. Yalnız o zaman Mədəniyyət naziri Polad Bülbüloğlu və nazirlik işçiləri gəlmişdilər. Xocalı soyqrımına, 31 mart azərbaycanlıların soyqrımı, əsrin əvvəlində 1905-1918-1920-ci il hadisələrinə, 1967-ci il hadisələrinə siyasi qiyməti Heydər Əliyev verdi. Siz təsəvvür edin, Xocalı bir əsrdə 3 dəfə işğala məruz qalıb. Xocalıda həm şəhid, həm də şahid var. Xocalıda bu gün əsrlik həyatı yaşamış insanlar var. Əsrlikdə çox ağır işgəncələrə məruz qalmış qadınlarımız var. Mən də, həmin qadınlardan biri ola bilərdim… 1994-cü ildə Heydər Əliyev Xocalılarla görüşdü. 1994-cü il martın 1-i hər il fevralın 26-sının matəm günü elan olunması ilə bağlı fərman imzaladı. Bir sözlə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Xocalı faciəsi ölkə səviyyəsində qeyd olunmağa başladı. Ulu Öndər Xocalı soyqrımı ilə bağlı çıxışında hətta belə bir fikir ifadə etmişdi: “Xalqımzızın qəhraman,igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O, da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə,vətəninə sədaqətinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi,vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqrımdır- vəhşiliyin görünməmiş bir təzahürüdür”.
-Amma bir çox xarici jurnalistlər Qarabağda baş verən qətliamları lentə ala bilmişdi. Ən əsası həmin jurnalistlər azərbaycanlıların, türklərin etnik təmizlənməyə məruz qalmasının şahidi olublar. Bildiyimə görə, siz həmin jurnalistlərin bir neçəsi ilə görüşmüsünüz də…
-O zaman Xocalı faciəsini 30 ölkədən 38 jurnalist Xocalı faciəsini öz gözləri ilə görüb. Onlardan Janet Yunek, “İzvestiya”nın müxbiri Belox, rus jurnalisti Yuri Romanov, erməni jurmalisti Davut Xeryan, amerikalı jurnalist Tomas Qolts və onlarla başqa jurnalistlər Ermənistana nifrət edirlər. Yuri Romanov deyirdi ki, “Çəkdiyim 37 saniyəlik film hər zaman əllərimi yandırıb. Xocalıda hər yerdə cəsəd var idi. Cəsədləri yandırmaq üçün bir yerə yığırdılar. Həmin cəsədlərin arasında can üstə olan 6 yaşlı bir qızın qışqırığı qulağımdan getmir. Mən ona yaxınlaşanda deyirdi ki, gözlərim göynəyir. Sonra bir erməni həkim mənə dedi ki, onun gözlərini ermənilər siqaretlə yandırıb, kor ediblər”. Mən birdəfə bir qadınla danışdım. Onun əsir düşdüyü zaman 32 yaşı olub. Bədənində 75 siqaret izi var idi. Onun kimi o qədər qadınlarımız var idi ki… Bu cür işgəncələrə, təhqirlərə məruz qalan, özünə ölüm arzu edib, bu utancdan xilas olmaq, onların ən böyük arzusudur.
-Həvva xanım, mövcud qlobal siyasi müstəvidə Xocalı soyqrımının yetəri qədər təbliğ olunması sizi qane edirmi?
-Hesab edirəm ki, biz 100 il belə keçsə bu faciəni unutmamalı və unutdurmamalıyıq. Daha da güclü təbliğat etməli, həqiqətləri bütün dünyanın görməsi üçün daha ciddi şəkildə çalışmalıyıq. Ermənilər restavrasiya adı altında Azərbaycan kəndlərinin adını erməni dilinə tərcümə edib dəyişirdilər. Amerikalı jurnalistlər Con və Karona Makkarti ailəsi Azərbaycanla bağlı “Türklər və ermənilər” adlı çox dəyərli əsərlər, məqalələr yazıblar. Onlar öz yazılarında qeyd edirlər ki, ermənilər 1935-ci ilə qədər Qərbi Azərbaycanda olan yer adlarını sadəcə Azərbaycan dilindən erməni dilinə tərcümə etmişlər. Ancaq onlar dərk etməyiblər ki, tərcümə ilə dəyişdirdikləri adlar tarixi oğuz, türk adlarıdır.
Heydər Əliyev fondunun, Leyla Əliyevanın apardığı təbliğat siyasəti alqışa layiqdir. Hətta o vaxt 1988-1992-ci illərdə baş verən hadisələr erməni faciələri kimi dünyaya çatdırlırdı. Əgər o vaxt Heydər əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, Xocalı faciəsinə siyasi qiymət verməsəydi Xocalı da bizim başqa faciələrimiz kimi ört-basdır olunacaqdı. İndi dünyanın 80 ölkəsində hər il Xocalı faciəsi ilə bağlı tədbirlər keçirilir. Hətta Amerikanın bir neçə ştatında Xocalı faciəsi qəbul edilib.
– Bu əslində böyük irəliləyişdir. Amma bu gün dünya ictimaiyyətinin mövqeyi dəyişdikcə, sanki bunun ermənilərə də təsir edir. Bu günlərdə bir sira erməninin mövcud Ermənistan rəhbərliyini işğalçı adlandırması da, diqqətdən yayınmayan məqam olsun gərək…
-Bir gün gələcək dünyanın əksər ölkələri Xocalı faciəsini qəbul edəcək. İndi bir neçə erməninin Bakıya gəlib Xocalı faciəsinə həsr olunmuş abidənin önündə baş əyməsi, bizim üçün ürək soyuducu faktlar olmamalıdır. Qarabağda günahsız azərbaycanlıların qanına bulanmış Serj Sarkisyanın, Robert Köçəryan, Seyran Ohanyan beynəlxalq məhkəmədə cəzalandırılmalıdırlar. İngilis jurnalisti Tomas Debala verdiyi müsahibədə Sarkisyan demişdi ki, Xocalı faciəsinə qədər onlar elə bilirdilər ki, biz onlara əl qaldıra bilmərik. Ancaq biz bu sindromu sındırdıq. İnsanlar illərlə yığdıqlarını, hətta heç kim əyninə isti geyim belə ala bilməmişdi. Əyaq yalın qaçmağa çalışmışdılar. Çoxu da soyuqdan donub həyatını itirmişdilər. Xocalıda n cənub istiqamətə getmək üçün Qarqar çayından keçməlidir.
Həmin gecə erməni işgəncəsindən qaçan yaşlılar, uşaqlar soyuqdan donurdular…
-Bu faciələrin canlı şahidi insanlar var ikən BMT-nin qəbul etdiyi 4 qətnaməni hələ də Ermənistan bu günə kimi icra etməkdən boyun qaçırır. Amma Rusiyanın sanksiyaları yerinə yetirməməsi qınaq obyektinə çevrildiyi halda, Ermənistanı nədənsə heç kim qınamır…
– Əslində 4 qətnamənin qəbulu 1993-cü ildə Kəlbəcərin işğalı ilə başladı. Bunlar 822,853,874,884 nömrəli qətnamələr. Bu qətnamələrdə təcavüzkarlarla, təcavüzə məruz qalanlar arasında bir fərq yoxdu. Belə ki, Ermənistan Rusiyanın porfostu olan bir dövlətdir. Rusiyanın bir milyon dollarlıq silah-sursatı Ermənistanda yerləşir. 25 il müddətində hərbi müqaviləsi var. Rusiya Hərbi Akademiyasının filialı Ermənistandadır. Ancaq bütün bunlara baxmayaraq, bu Rusiyanın da gələcəkdə çox böyük fəlakətlərə düçar olmayacağı anlamına gəlmir. Bu gün Ermənistanın Rusiyaya qarşı ərazi iddiası var. Ermənilərin “Böyük Ermənistan” iddiası Rusiya, Türkiyə, Azərbaycan və İran ərazisini belə əhatə edir. Rusiya Ermənistanla bağlı siyasətini yenidən gözdən keçirməlidir. Etiraf etmək gərəkir ki, dünya erməni lobbisinin Rusiyaya təsir etmə mexanizmi güclüdür.
– Xatirinizdədirsə, hələ 1943-cü ildən başlayaraq xaricə inteqrasiya olunmuş ermənilərin Ermənistana, Dağlıq Qarabağ ərazisinə köçürülməsinə başlanılmışdı… Əslində bu da, prinsipial şəkildə məkirli işğalçılıq siyasətinə xidmət edən ilk addımlar idi…
-Bəli, 1943-cü ildə müharibə zamanı ermənilər iddia qaldırdılar ki, dünyaya inteqrasiya edilmiş ermənilər Ermənistana qayıtsın. RusIya isə öz növbəsində həmişə olduğu kimi Ermənistanın mövqeyini dəstəkləyib. Çünki Rusirada vəzifələrdə erməni əsilli insanlar çox idi. Bir baxın tarixən Şaumyan Azərbaycanda nə qədər qırğınlar törədib. Rusiya birmənalı olaraq Azərbaycan və Ermənistanı müqayisə etməməlidir. Ermənistan Rusiyaya nə verib? Amma ikinci dünya müharibəsi zamanı əldə edilən qələbənin 90% Azərbaycan nefti əldə edilib. Əsrin müqaviləsi və başqa böyük müqavilələrə Ermənistanın daxil edilməməsi onların təcavüzkar olmasından xəbər verir. Ona görə də Rusiya Ermənistanla münasibətini çox götür qoy etməlidir….
– Bu gün etiraf etmək gərəkir ki, Rusiyanın böyük ümid bəslədiyi “Gömrük İttifaqı” layihəsi məhz Ermənistana görə uğursuzluğa düçar oldu desək yanılmarıq…
-Çünki bütün MDB dövlətləri Ermənistanın təcavüzkar siyasətindən narazıdır. 1989 cu ildə Özbəkistanın Fərqanə vadisindən qovulmuş məhsəti axska türkləri ermənilərin sayəsində yurdlarından didərgin düşmüşdülər. Məhz həmin axıska türkləri də Xocalı soyqrımı zamanı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.Gün gələcək bütün MDB dövlətləri ərazilərində yaşayan erməniləri çıxaracaqlar. Amerikada, Avropada bütün terror təşkilatlarının tərkibini ermənilər təşkil edir. Hal-hazırda Ermənistan əhalisi səfalət içindədir, işsizlik, aclıq hökm sürür. Hər il nə qədər erməni başqa ölkələrə gedirlər. Ermənistanın indiki hakimiyyətindən razı olmayan insanlar miqrasiya edir. Mövcud siyasi rejimlə Ermənistan gələcək on illikdə məhvə doğru gedir. Heç bir qonşu dövlətlərin normal münasibətdə olmaması bunu sübut edir. Bu gün təəsüflər olsun ki, Ermənistan üçün xilas etmə dairəsi rolunu İran oynayır. İran olmasaydı Ermənistan çoxdan məhv olmuşdu. Gömrük İttifaqı layihəsinin məhz Ermənistana görə dondurulması yanaşması bir həqiqətdir. Bir az əvvəl qeyd etdiyim kimi, Ermənistanın işğalçılıq siyasəti və “0” iqtisadi tempi onu maneə dövlət olduğunu sübut edir.
-Siz də bir az əvvəl qeyd etdiniz ki, Özbəkistanın Fərqanə vadisindən Xocalıya pənah gətirmiş ailələr, 48 ailə Xocalı faciəsi zamanı tələf oldular, ermənilər tərəfdən qətlə yetirildilər. Nə üçün Azərbaycan dövlət adamları Özbəkistanın bununla bağlı addım atmasına təkid etmirlər? Hətta Quba məzarlığında soyqırıma məruz qalmış azərbaycanlılarla bərabər yəhudilərin olması da sübuta yetirilib. Və biz buna görə yəhudilərin ermənilərə necə sərt münasibət bildirməsinin şahidi olduq. Bu gün daha bir müsəlman dövlətinin bizim yanımızda yer almasının vaxtı deyilmidir?
-Hesab edirəm ki, Orta Asiyada yaşayan bütün dövlətlər erməni iddialarına layiqli cavab verməlidirlər. Əfsuslar olsun ki, bir neçə türkdilli dövlətlər var ki, ermənilərin Azərbaycanda törətdikləri qırğınları, günahsız insanları soyqrımı məruz qoyduqalarını, Azərbaycan torpaqlarını işğal etdiklərini görməməzlikdən gəlir və hələ də onlara bir cavab verməyiblər. Təbii ki, Özbəkistan rəhbərliyinin də, bu hadisəyə biganə yanaşmamasını istəyərdik. Lakin bunun üçün biz özümüz dayanmadan, usanmadan səy göstərməliyik. Təsəvvür edin, statistikaya görə Azərbaycanda otuz min erməni yaşayır. Hərçənd ki, mən bu statistikaya da razı deyiləm. Azərbaycanda daha çox erməni yaşayır. Hamısı soyadını dəyişib, işləyir, rahat yaşayır, ailə həyatı qururlar. Ancaq Ermənistanda bu gün bir nəfər Azərbaycanlı varmı? Qarşınızda gördüyünüz bu kitablara görə mən nəyinki tənqidlərə hətta təhqirlərə belə məruz qaldım. Ancaq mən təslim olmadım və təslim olmayacam. Hər zaman Qarabağ gercəklərini dünyaya çatdırmaq üçün əlimdən gələni hər zaman edəcəyəm. Çünki Ermənistanın bu cür məкirli millətçiliк siyasəti, milli münаqişə yаrаtmаq bахımındаn «yаrаrlı оlаn» еrməni idеоlоgiyаsının təbliğаt silаhınа çеvrildi. Еrmənilər üçün düşünülmüş strаtеgiyаnın həyаtа кеçirilməsinin üç istiqаməti müəyyənləşdirildi: tаriхi “əsаs” yаrаtmаq,dünyа ictimаiyyətini inаndırmаq, işğаl еtməк və işğаlа bərаət qаzаndırmаq. Bu idealogiyaya xidmət edənlər mütləq sürətdə dünya ictimaiyyəti qarşısında ifşa edilməli, beynəlxalq məhkəmə qarşısında cavab verməlidir!
-Həvva xanım, sizin kimi vətənpərvər xanımlarımız var olduqca, biz mütləq sürətdə qələbə əldə etmək yolunda inamla irəliləyə bilərik. Sizin qiymətli fikirlərinizi Xocalıya həsr etdiyiniz hər bir kitabınızın, hər bir cümləsindən açıq-aydın görə bilirik. Çox maraqlı müsahibəyə, qiymətli fikirlərinizi bizimlə bölüşmək adına təklifimizi qəbul etdiyiniz üçün sizə sonsuz minnətdarıq.
– Mənə də, xoş oldu. Təşəkkür edirəm!
VOİCEPRESS.AZ
Ülkər Musazadə
Like this:
Like Loading...