VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
O deyib: “Təəssüf ki, düşmən təxribatının qarşısı alınarkən bir neçə hərbçimiz şəhid olub və yaralanıb. Ermənistanın təxribatlarının arxasında dayanan əsas səbəblərə gəlincə, bu, həmin ölkədə daxili və xarici problemlərin həllini tapmaması ilə bağlıdır. Ermənistan tərəfi diqqəti bu problemlərdən yayındırmaq məqsədi ilə yenə də vaxtaşırı belə təxribatlara əl atmaq məcburiyyətindədir. Aprel döyüşlərindəki məğlubiyyəti “həzm edə” bilməyən Ermənistan rəhbərliyinin hazırkı mərhələdə bu sindromdan qurtulması üçün revanş arzusunu gerçəkləşdirməyə ehtiyacı var. Azərbaycanın hərtərəfli hərbi, hərbi-texniki və mənəvi-psixoloji üstünlüyü şəraitində erməni gənclərinin Qarabağda nahaqdan ölmələrinə Ermənistan cəmiyyətinin daim artan etirazları mövcud rejimi ciddi narahat edir. Hər dəfə layiqli cavab alan düşmənin münaqişənin həllində mövqelərinin zəifləməsi daha bir ciddi narahatlıq perspektivi yaradır”.
Ehtiyatda olan polkovnik qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan rəhbərliyi hər vasitə ilə növbəti məğlubiyyətini də xalqdan ciddi-cəhdlə gizlətməyə çalışır, beynəlxalq hüquq norma və prinsiplərinə zidd fəaliyyətini davam etdirir. Cəbhədə şəhid olan hərbçilərin cəsədlərinin döyüş meydanından çıxarılması barədə əldə edilmiş razılaşmanın pozulması bunun daha bir əyani sübutudur. Ermənistan tərəfi, həmçinin münaqişənin nizamlanması üçün beynəlxalq təşkilatların irəli sürdükləri tələblərə də həmişəki kimi biganə yanaşır. ATƏT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə əldə edilən razılaşmanın pozulması, yeni şərtlər qoyulması beynəlxalq hüquq normalarına daban-dabana ziddir və erməni xislətindən irəli gəlir.
VOİCEPRESS.AZ