Nəhayət, məlumat missiyasının hesabatı bu günlərdə Assambleyaya təqdim olunub.
VOİCEPRESS azərtac-a istinadən xəbər verir ki, Fransa Milli Assambleyasının bir qrup deputatı həmin hesabatla bağlı kommunike imzalayıb. Kommunikedə 30 səhifədən ibarət olan hesabatda ermənipərəst deputatların gözləntilərinə cavab verilmədiyi qeyd olunub. Onların gözlədiyi qarayaxma xarakterli hesabat yox, əksinə, ölkəmiz haqqında müsbət fikirlər ifadə olunan sənəd təqdim olunub.
Otuz beş dinləmənin və bir o qədər də yığıncağın keçirildiyi qeyd edilən kommunikedə missiya məruzəçisinin balanslı hesabat hazırlamaqla bəzi deputatların Azərbaycana qarşı gözləntilərini puç etdiyi vurğulanır. Ölkəmizə qarşı bəzi çeynənmiş və əsassız məlumatlara yer verilsə də, onun 70 il kommunist rejimi altında qalması, beynəlxalq şərait və regional məqsədləri xatırlanır. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qalmasının təhlükəsizliyə təhdid olduğu diqqətə çatdırılır.
Sənədin müəllifləri hesabatda 25 ildən çoxdur davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının pozulmasının kifayət qədər geniş şəkildə işıqlandırılmamasına narazılıqlarını bildirirlər.
Hesabatda ölkəmizin demokratik inkişafda irəliləyişlər əldə etdiyi, respublikamızda qadınlara hələ 1918-ci ildə səsvermə hüququnun verildiyi, dünyəvi ölkə olduğu, burada dini, irqi ayrı-seçkiliyə yol verilmədiyi, bütün dinlərin nümayəndələrinin birgə mehriban ailə kimi yaşadığı, 1998-ci ildən ölüm cəzasının ləğv edildiyi diqqətə çatdırılır.
Həmçinin Azərbaycanın Qafqaz regionunda geosiyasi əhəmiyyəti vurğulanır və Fransanın bu ölkə ilə münasibətlərinin möhkəmləndirilməsinin zəruriliyi qeyd olunur. Azərbaycan hökuməti ilə siyasi dialoqa yenidən baxılmasına ehtiyac olmadığı bildirilir. Məlumat missiyasının üzvlərinin bu hesabata heç bir marağının olmadığı aydın görünür.
Kommunikedə qeyd olunur ki, xarici məsələlər üzrə komitə öz enerjisini belə yararsız hesabatlar hazırlamağa sərf etməkdənsə, Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə, Ermənistan ilə Azərbaycan arasında ədalətli və davamlı sülhə nail olunmasına çalışması daha yaxşı olardı.
Əminliklə bildirilir ki, bu hesabatı Azərbaycana qarşı parlament silahına çevirmək istəyən deputatlar yenə də məqsədlərinə çata bilmədilər.
Beləliklə, ermənipərəst deputatların ölkəmizi nüfuzdan salmaq üçün daha bir cəhdi iflasa uğradı.
Kommunike missiyanın vitse-prezidenti Jan-Fransua Mansel və onun həmkarları Jan-Pyer Dor, İv Fulon, Jan Klod Gibal, Sovör Qandolfi–Şait, Fransua Selye tərəfindən imzalanıb.
VOİCEPRESS.AZ