Əgər Çingiz Mustafayev olmasaydı, dünya Xocalıda baş verənlərdən xəbər tutmazdı

21 Fevral, 16:33

Həmin günlərin canlı şahidi, Əməkdar Jurnalist Mais Məmmədov hadisələrə aydınlıq gətirir

Fevralın 26-da Azərbaycan xalqı və dünya ictimaiyyəti erməni faşizmin törətldiyi ən qanlı cinayəti – Xocalı faciəsini yad edəcək. 25 il bundan qabaq baş vermiş faciə zamanı Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 Xocalı sakinin qətlə yetirib. 5 minə yaxın insanın taleyi hələ də naməlumdur.

VOİCEPRESS xəbər verir ki, Azərbaycanın Əməkdar Jurnalisti Mais Məmmədov həmin günlərin canlı şahididir və öz xatirələrini istipress-in əməkdaşı ilə bölüşüb:

Qarabağda elə yer olmayıb ki, mən qarış-qarış gəzməyim. Burda, Bakıda da vəziyyət çox pis idi. Amma bizim üçün o vaxt əsas Qarabağ idi. O vaxt mən mərkəzi televiziyanın “Vremya” proqramında işləyirdim, hər həftə 2-3 material verirdim.

Xocalıdan xəbər gələn kimi mən martın 1-də Ağdamda idim. Orda vəziyyət çox ağır idi. Qaçqınları yerləşdirirdilər, yaralı çox idi. Orda həmişə olduğu kimi yenə də Çingiz Mustafayevlə görüşdüm, Xocalıya getmək istəyirdik, amma nəqliyyat yox idi. Çingiz fevralın 28-də hadisə baş verən ərazidə artıq olmuşdu. Bu onun ikinci gedişi idi.
O vaxt Xocalıya ancaq vertolyotla getmək mümkün idi. Xocalı əvvəllər balaca qəsəbə idi. Müharibə başlayandan sonra əhali artdı, çünki Xankəndidən ora çox adam gəldi. Mesxeti qaçqınları da çox idi. Fabrik açılmışdı. Yəni böyük şəhərə çevrilmişdi. Əvvəl Xocalıya Əsgərandan maşınla gedirdik, sonra ermənilər maşınlara daş atmağa başladılar, daha sonra gülləyə keçdilər. Yəni Xocalıya yol ancaq vertolyotla mümkün oldu. Camaat Ağdama bazarlığa vertolyotla gəlirdi.

Bizim də Xocalıya getməyimiz üçün vertolyot lazım idi. O vaxt dövlət müşaviri işləyən Abbas Abbasov Gəncədə idi. Gəncədə rus hərbçilər qalmışdı və o bizə 2 vertolyot göndərdi. Birinin üzərində qırmızı xaç vardı, sanitar vertolyotu idi ki, ermənilər atəş açmasınlar. Biz 5 nəfər idik – mən və operatorum, Çingiz və iki türkiyəli fotoqraf.

Xocalıya gedən yolda (“Donuz ferması” adlanan ərazidə – red) böyük bir çalanın içinin meyitlə dolu olduğunu gördük. Vertolyota dedik ki, ensin, enmədi. Pilot dedi ki, oraya otura bilmərəm, təhlükəlidir, çünki çökək idi. Vertolyotdan tullanmalı olduq.

Dəhşət idi, qocaların, qadınların, uşaqların əllərini bağlayıb öldürmüşdülər. Mənim yanımda operator var idi, amma Çingiz özü çəkirdi. Çingiz ağlaya-ağlaya erməniləri söyürdü. Çünki belə vəhşiliyi tarixə hələ görməmişdi.

Bilirsiz, mən həmişə düşünmüşəm ki, mənim silahım qələm və mikrofondur. Amma Çingiz fərqli idi. O, əsgərlərin qarşısına çıxırdı, onları döyüşə ruhlandırırdı, geri qaçanda da deyirdi ki, hara qaçırsınız, kişi olun. Çingiz əsl vətənpərəvər idi. Harda vəziyyət ağır idi, Çingiz həmişə orada idi. Mən onu daima izləyirdim.

Biz çəkilişdən sonra ordan getməli olduq. Çünki Əskəran tərəfdən 2 maşın erməni gəlirdi. Buna görə də biz bir neçə uşaq meyidini götürərək oradan uzaqlaşdıq. Düzdür, pilotlar buna etiraz edirdi, amma biz onlara başa saldıq ki, bunlar uşaqdır. Burda qala bilməz.

Mart ayı idi, soyuq olsa da, gün çıxmışdı. Cəsədlərdən yumşaq meyit iyi gəlirdi. Ondan sonra düz altı ay mən əllərimi nə qədər yusam da, mənə elə gəlirdi ki o, iyi əlimdə qalıb.

Bakıya döndükdən sonra mən «Erməni millətçiliyin vəhşi həyasızlığı» adlı mateiral hazırladım. Moskvadan mənə dedilər ki, baxdıq, dəhşətə gəldik, amma bunu tam verə bilmərik, kəsib bir qismini göstərərik. Amma Çingiz böyük film elədi. Onu dünyada tanınan media quruluşlarına payladı. O film olmasa idi, Xocalıda nə baş verdiyini kimsə bilməzdi.

Film dünyada böyük rezonans doğurdu. Çox ölkələr bunun soyqırım olduğunu gördülər. Buna görə çox sağ ol, Çingiz, Allah sənə rəhmət etsin!

Mən eşitmişəm ki, qəzetdə Çingizin həmin filmi barədə bəzi fikirlər səsləndiriblər, filmi tənqid ediblər. Ermənilər də bu filmi tənqid edirlər. Ona görə məqaləni oxumamışam. Niyə oxuyum ki? Məsəl var ki, rəhmətə gedənin dalınca danışmazlar. Çingiz özü sağ olsa idi, çoxdan onların cavabını verərdi. Amma eşitmişəm ki, məqalədə danışanlardan biri Xocalını keçmiş rəhbəridir. Görmüşük ki, həmişə normal kapitan batan gəmini axırıncı tərk edər. Amma deyirlər ki, bu birinci qaçanlardan olub.

Mənim 79 yaşım var, işə güc-bəla ilə gəlirəm. Mən Qarabağda şəkər qazanmışam, özü də ağır formasını. Amma bununla belə, həmin adamların cavabını özüm verə bilərəm.

Mən düşünürəm ki, Çingiz kimi adamlar bizdə çox olsaydı, biz Qarabağı əldən verməzdik. O, vurulanda mən Ağdamda idim. İcra hakimiyyətinə zəng cəldi ki, Çingiz Mustafayev yaralanıb. Maşına oturub hadisə yerinə yollandıq. Yolda xəbər gəldi ki, Çingiz keçinib. Onu xəstəxanaya apardıq. Oradan Seyfulla Mustafayevə zəng etdim ki, ermənilər Çingizi vurdular.

İndi məndə bir sual yaranıb – ermənilər həmişə Çingizi öldürmək istəyirdilər, buna da nail oldular. Bəs bizimkilər niyə indi onu öldürmək istəyirlər? Mən Çingizin adının, hər hansı düşərgəyə məxsus olmasına baxmayaraq, istənilən səviyyədə siyasi məqsədlər üçün hallanmasının əleyhinəyəm və belə halları lənətləyirəm.

Amma bir şeyi deyim ki, Heydər Əliyev hakimiyyətə bir az tez gəlsəydi, nə Çingiz kimi oğullar ölməzdi. Nə də ermənilərə Qarabağdan bir metr verilməsinə imkan verməzdi, Xocalı da, Ağdam da, Şuşa da əlimizdə qalardı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here