Fevralın 22-də Nəriman Nərimanovun xatirə muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Ədalət gözləyən Xocalı” adlı tədbir keçirilib.
VOİCEPRESS xəbər verir ki, muzeyin foyesində Xocalı faciəsinə həsr edilmiş kitab, jurnal, qəzet və fotolardan ibarət sərgi nümayiş olunub.
Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xatirə muzeyinin direktoru Kamilə Hüseynova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələrin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını söyləyib. Xocalı haqqında həqiqətin dünyada çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını bildirib. Deyib ki, bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, Mədəniyyət və Turizm Nazirliyinin şöbəsinin müdiri Fikrət Babayev, Türkiyədən gəlmiş qonaq Ələddin Nalçıoğlu, Bakıda Yunus Əmra İnstitutunun direktoru İbrahim Yıldırım və başqaları bu faciənin təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini bildiriblər.
Xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti olan Xocalı faciəsinin törədilməsindən 25 il keçməsinə baxmayaraq, faciə dəhşətlərinin hələ də unudulmadığını qeyd edən natiqlər Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını və işğal altında olan bütün torpaqların tezliklə azad ediləcəyini vurğulayıblar.
Qanlı hadisələr zamanı zərərçəkən, əsir düşən Xocalı sakini Dürdanə Ağayeva və əslən Xocalıdan olan, döyüşlərdə iştirak edən, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri doktoru Atamoğlan Məmmədlinin xatirələrini tədbir iştirakçıları ürək yanğısı ilə dinləyiblər. Dürdanə Ağayeva 8 gün əsirlik həyatına həsr etdiyi “Erməni zindanında 8 gün” və yenicə çapdan çıxmış “Yarım qalmış ömürlər” kitabını bu qanlı faciə həsr etdiyini bildirib.
Tədbirdə Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev Xocalı faciəsinin Azərbaycan rəssamlarının yaradıcılığında öz əksini tapdığını söyləyib.
Sonda gənc rəssam Günay Mehdizadənin Xocalı faciəsinə həsr etdiyi “Bir baxışla Xocalı faciəsini yaşa” adlı tablosunun təqdimatı olub.
VOİCEPRESS.AZ