Dırnaq yeyən uşaqlarda bu xəstəlik olur

3 Fevral, 22:47

VOİCEPRESS tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.

Valideynlər tez-tez lyamblioz kimi “qorxulu” diaqnoz ilə rastlaşır, vahimə içərisində həkimə müraciət edirlər, uşağın orqanizmini toksiki preparatlarla yükləyərək, təkrarən lyambliya əleyhinə müalicə kursları alırlar, nəticədə isə heç bir effekt görmürlər. Lyamblioz – əsasən uşaqlar arasında çox geniş yayılmış parazitar xəstəlikdir. Parazitlərlə bağlı kifayət qədər yanlışlıqlar və reallıqlar var.
Lyambliyalara aid olan hansı yanlışlar var? Gəlin aydınlaşdırmağa çalışaq.

Lyamblioz barədə yanlışlar

Yanlış №1. Lyambliyalar gözlə görünən qurdlardır.
Əlbəttə ki, yox! Lyambliyalar qurdlara aid olmayan mikroskopik parazitlərdir. Təbii ki, ancaq mikroskopun altında görünəcəklər.

Yanlış №2. Lyambliyalar qaraciyəri “yeyirlər” və öd kisəsində məskunlaşırlar.
Lyambliyalar adətən onikibarmaq bağırsaqda yaşayırlar. Sağlam öd tərkibində olan bakterisid öd turşuların hesabına onlara məhvedici təsir göstərir.

Yanlış №3. Müayinə üçün nəcisi laboratoriyaya isti vəziyyətdə aparmaq lazımdır, əks halda parazitlər aşkarlanmayacaq.
Laborantlar müayinə zamanı nəcisdə adətən lyambliyaların hərəkətsiz olan “sist” formasını aşkar edirlər. Sistlər ətraf mühitdə, həmçinin nəcisdə aylarla qala bilirlər.

Yanlış №4. Nəticə əldə etmək üçün lyamblioz olan uşağı sonsuz olaraq müalicə etmək lazımdır.
Düzgün aparılan etaplı kompleks müalicə zamanı qısa müddət ərzində effekt əldə etmək olar.

Lyamblioz barəsində həqiqətlər

Gəlin, lyambliyalara aid olan doğru məlumatlarla tanış olaq.

Həqiqət №1: Uşaqda iştahasızlıq və inkişafdan geri qalma varsa, səbəbi parazitlərdir.
Lyamblioz həzm prosesinin pozulmasına gətirib çıxarır. Lyambliya olan uşaqlarda adətən iştahasızlıq halları baş verir. Onlar ətdən, yağlı qidadan imtina edir, şirniyyata, xəmir xörəklərinə meyllik göstərirlər.

Dırnaq yeyən uşaqlarda bu xəstəlik olur

Həqiqət №2: Uşaq dırnaq “yeyirsə”, onda lyamblioz aşkar olunacaq.
Lyamblioz “çirkli əllər” xəstəliyidir. 90-95% hallarda dırnaq yeyən və barmaqlarını soran uşaqlarda lyambliyalar aşkar olunur.

Həqiqət №3: Uşağın qarnı tez-tez ağrıyırsa, orda nə isə “məskunlaşıb”
Qurd-parazit invaziyası zamanı, adətən uşağın qarnı ağrıyır.

Həqiqət №4: Pis yuxunun və övladınızın əsəbi olmasının səbəbi – parazitlərdir.
Uşağınızda boş yerdən əsəbilik yaranırsa, orqanizmdə qurd-paraziti yoxlamaq məsləhətdir. Lyambliyaların və qurdların toksinləri qana sorularaq, orqanizminin, həmçinin sinir sisteminin intoksikasiyasına səbəb olur.

Həqiqət №5: Dəridə qəhvəyi rəngdə ləkələr əmələ gəlirsə, lyamblioza yoxlanmaq lazımdır.

Lyamblioz zamanı dəridə, əsasən də üz və boyun nahiyələrində hipo və hiperpiqment ləkələr əmələ gələ bilər. Bundan əlavə, lyamblioz allergik xəstəliklərin kəskinləşməsinin səbəbi ola bilər.

Valideynlərin nəzərinə! Uşaqda, əsasən də səhərlər iştahasızlıq, ürəkbulanma, hərdən qusma, tez-tez qarında ağrılar, qəbizlik, ishal müşahidə olunursa, dərslərində yaddaş pozğunluğu, diqqətsizlik, əsəbilik qeyd olunursa, parazitlərə qarşı müayinənin aparılması məsləhətdir.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here