Diktator qardaşını iki qadınla öldürdü

15 Fevral, 12:02

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, diktator Kim Çen Inın Malayziyada qətlə yetirilmiş böyük qardaşı Kim Çen Namın cəsədi paytaxt Kuala-Lumpurun mərkəzi hospitalına yerləşdirilib.

VOİCEPRESS AsiaOne-a istinadən bildirir ki, 45 yaşlı Kim Çen Namın cəsədi məhkəmə-tibb ekspertizasına məruz qalacaq.

Şimali Koreya lideri Kim Çen Inın atabir qardaşı Kim Çen Nam Kuala-Lumpurda yerləşən aeroportda öldürülüb.

Malayziya polisindən verilən məlumata görə, Kim Çen Nam Makao şəhərinə aviareysini gözlədiyi an ona bir qadın yaxınlaşaraq onun gözlərində yanma hissi yaradan bir parça ilə üzünü örtüb.
O, aviareys biletini öz adı olmayan pasportla almışdı.

Şimali Koreyanın mərhum diktatoru Kim Çen İrin böyük oğlu Kim Çen Nam atasının varisi seçilmədikdən sonra ölkəni tərk etmişdi.

Cənubi Koreya hökumətindəki adlarını çəkmək istəməyən mənbələr Kim Çen Namın qətlə yetirildiyini bəyan etmişdilər. Malayziya polisi də bu versiyanı rəsmən təsdiqləyib.

Malayziya polis rəsmisi Fadzil Əhməd Malaziyanın Bernama xəbər agentliyinə deyib ki, Kim Çen Nam aviareysini gözlədiyi an ona arxadan yaxınlaşan qadın tərəfindən qətlə yetirilib: “Qadın arxadan ona yaxınlaşaraq Kim Çen Namın üzünü yaş parça ilə örtüb. Bundan sonra Kim Çen Nam qışqırıb, “Gözlərim yanır!” deyib, aeroport işçilərindən kömək istəyib. Bir neçə dəqiqə sonra o, Putrajaya xəstəxanasına göndərilib. Orada onun ölümünü təsdiqləyiblər”.

Reuters xəbər agentliyinə ayrıca müsahibədə Əhməd bildirib ki, şübhəli qismində heç kəs hələ yoxdur, lakin təhqiqatçılar araşdırmalarına davam edirlər.
Öldürülən kişinin pasportunda adı Kim Çol və doğum günü 10 iyun 1970-ci il kimi qeyd olunub, lakin polis onun əslən 10 may 1971-ci il təvvəlüdlü Kim Çen Nam olduğunu təsdiqləyib.

2011-ci ildə Yaponiya mediası Kim Çen Namın “sülalə varisliyinə” qarşı olduğunu dediyini bildirmişdi.

2012-ci ildə isə bir kitabda onun atabir qardaşının rəhbərlik qabiliyyətinə malik olmadığını və Şimali Koreyaya Çinin həyata keçirdiyi iqtisadı islahatların lazım olduğunu düşündüyü yazılmışdı.

Elə həmin il Cənubi Koreya mediası ölkədə həbs edilən və Şimali Koreya casusu olmaqda ittiham olunan şəxsin Kim Çen Namın avtomobil qəzasında qətlini planlaşdırdığını yazıb.

New Straits Times bildirir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat İdarəsindən verilən məlumata görə, Kim Çen Namın qətlində iki qadın iştirak edib. Şimali Koreyadan göndərilmiş bu killerlər Kim Çen Nama sui-qəsddən sonra aeroportdan çıxıblar, taksiyə oturaraq Kuala-Lumpurun cənubuna yollanıblar. Onlar hazırda Malayziyadadırlar.

Bu günsə bəlli olub ki, Kim Çen Nam arxadan kürəyinə iki zəhərli iynə batırılması nəticəsində ölüb. İynələri həmin qadın killerlər batırıblar.

Kim Çen Nam Şimali Koreyanın mərhum diktatoru, 2011-ci ildə vəfat etmiş Kim Çen İrin aktrisa, Cənubi Koreya kommunistlərinin qızı Son Hö Rimlə izdivacında doğulmuş böyük oğludur.
Kim Çen İrə “vurulanda” ölkənin ən məşhur yazıçılarından birində ərdə olan Son Hö Rim sonradan boşanmış, məşuqunun iqamətgahına köçmüşdü. Şimali Koreyanın o dönəmdəki lideri Kim İr Sen oğlunun boşanmış qadınla yaşamasını bəyənmirdi. Sonucda Kim Çen İrlə Son Hö Rim ayrılıblar.

Ağır əsəb xəstəliyinə düçar olan Son Hö Rim Rusiyaya yollanmışdı. O, 2011-ci ildə Moskvada vəfat edib.

Kiçik qardaşı Kim Çen İr təki, Kim Çen Nam da İsveçrədə təhil alıb. O, 2001-ci ildə Tokio hava limanında 4 yaşlı oğlu və iki qadınla tutulmuşdu. Kim Çen Nam saxta pasport vasitəsilə Yaponiyaya yollanmışdı. Həmin pasport Dominikan Respublikasının vətəndaşı Panq Syunun adına idi. Panq Syun isə Çin dilində “gombul ayı” deməkdi. Kim Çen Namın dediyinə görə, ailəsi ilə birlikdə Yaponiyadakı “Disneylend”ə getmək istəyirdi.
Saxta pasportlu Kim Çen Nam Çinə deportasiya olunmuşdu. O vaxtdan bəri Kim Çen Nam ailəsi ilə birlikdə Makao, Sinqapur, İndoneziya və Fransada yaşayırdı. Üstəlik, Şimali Koreya onun pulunu da kəsmişdi. Belə ki, dörd il əvvəl Kim Çen Nam Makaodakı otellərdən birindən 15 min dollarlıq borca görə qovulmuşdu.

Kiçik qardaşı Kim Çen In Şimali Koreya lideri olandan və xüsusilə də dayısı Çen Son Theki edam etdirəndən sonra Kim Çen Nam “yoxa çıxmışdı”. Onu iki dəfə qətlə yetirməyə çalışıblar.

Məsələn, 2011-ci ildə Şimali Koreya diktatorunun yolladığı killer onu güllələməyə çalışmışdı. Lakin Kim Çen Namın cangüdəni onu xilas etmişdi.

VOCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here