BMT-nin yeni baş katibi Əli Əhmədova məktub yazdı
BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri barədə qəbul etdiyi sənəddən irəli gələn öhdəliklərlə əlaqədar dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizin BMT ilə əlaqələrində yeni bir səhifə açıb. Şuranın fəaliyyətinın yüksək səviyyədə təmin edilməsi üçün Katiblik, habelə müvafiq qurumların nümayəndələrindən ibarət iqtisadi inkişaf, layiqli məşğulluq, sosial və ekoloji sahələr üzrə işçi qrupları yaradılıb, əsas prioritetlər müəyyənləşdirilərək milli göstəricilərə dair statistik məlumatların toplanması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
VOİCEPRESS xəbər veir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədova məktubla müraciət edərək, ölkəmizdə gedən bütün bu işlər barədə ətraflı məlumatlandırıldığını və Azərbaycan Respublikasının dayanıqlı inkişaf, o cümlədən yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin xoş təsir bağışladığını qeyd edib. Azərbaycanın uğurlu fəaliyyətində BMT-nin də iştirakının onda qürur hissi doğurduğunu nəzərə çatdıran BMT-nin kaş katibi, Azərbaycan hökumətinin Dayanıqlı İnkişaf Məqsədlərinin “Azərbaycan-2020” Proqramı çərçivəsində həyata keçirəcəyi işləri daim dəstəkləyəcəyini vurğulayıb. Müasir dünyada münaqişələrin qarşısının alınması və həlli, insan haqlarına və beynəlxalq humanitar hüquqa hörmətin təşviq olunması, qeyri-bərabərliyin və təcrid olunmanın aradan qaldırılması istiqamətində BMT-nin potensialının artırılması üçün var qüvvəsi ilə çalışacağını vəd edən Antonio Quterreş hazırda beynəlxalq müstəvidə baş verən yeni çağırışları səmərəli şəkildə cavablandırmaq üçün birgə tədbirlərin görülməsi istiqamətində BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
VOİCEPRESS.AZ