İnsanları canından bezdirən Bəhrəmtəpə-Biləsuvar yolu niyə abadlığa qovuşmur?

6 Fevral, 17:45

125 km olan yolun 250 km-ə qətt edilməsinə kimlər və nəyə görə razıdır?

“Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləsə də, görünür yol mədəniyyətini önəmsəməyən kəslər də, var.

VOİCEPRESS-in redaksiyasına Bəhrəmtəpə-Biləsuvar yolunun bərbad gündə olması haqqında məlumat daxil olduğunu əsas gətirərək, “yol mədəniyyəti”nin bəzi üzdəniraq məmurlarda olmadığını kəskin diaqnozla müşahidə etmək mümkündür, desək yanılmarıq. Bəhrəmtəpə-Biləsuvar yolundakı vəziyyət insanları canından bezdirib. Həmin bölgədə yağıntı olduğu zaman isə Bakının dənizə bənzər magistral yolları o yolun yanında toya getməli olur. Palçıq, daş-kəsək, daha nələr var nələr… Allah üzümüzə baxıb xaricilərdən birinin yolu Bəhrəmtəpə-Biləsuvar yolundan düşməyib.

Bəli razılaşaq ki, Prezident İlham Əliyev bu gün yol təsərrüfatına xüsusi diqqət ayırır, avtomobil yollarının tikintisi və bərpası ilə bağlı sərəncamlar imzalayır. Onu da, qeyd edək ki, əvvəlki illərlə müqayisədə yol infrastrukturu, demək olar ki, çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da, uğurla davam etdirilir.

Maraq doğuran məqam ondan ibarətdir ki, Cənab İlham Əliyev yol infrastrukturuna bu qədər qayğı ilə yanaşdığı halda Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu niyə bu qədər bərbad haldadır?! Niyə yerli və səlahiyyətli mərmurlar Prezidentin güvənindən sui-istifadə edirlər?

10 ildən artıqdır, Bəhrəmtəpə-Biləsuvar yolunun olduqca acınacaqlı vəziyyətdə olması, sözün əsil mənasında insanı dəhşətə gətirir. Əgər bu kəndlərarası yol olsaydı, deyərdik, neynək, bəlkə də dözmək olar. Halbu ki, bu yol o qədər pis vəziyyətdədir ki, heç kənd içində olan yollar belə bu qədər bərbad olmamalıdır. Axı bu yol ölkənin demək olar ki, bir tərəfindən o biri tərəfinə aparan yoldur. Bəhrəmtəpə-Biləsuvar yolu cənubdakı yeddi rayonda yaşayan əhalini aran, qərb və şimalda yaşayan əhaliyə birləşdirən yeganə yoldur. Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, İmişli rayon sakinləri işləri ilə əlaqədar bəzən ayda və ya həftədə bir neçə dəfə bu yoldan istifadə etməli olunduğu halda, bu yoldan bu 10 ildə dəfələrlə məmurlar bahalı maşınları ilə o yana, bu yana keçdikləri halda, yolun bərbad vəziyyətdə olması axı onları niyə narahat etmir?

Yerli rayon əhalisi arasında sözü gedən yolu “Cəhənnəm yolu” adlandırırlar. Yayda tozdan, qışda yaranan bataqlıqdan bu yoldan istifadə iflic vəziyyəti alır. İnsanların həm sağlamlığına, həm də maşınlarına nə qədər ziyan dəyir. Hələ bu yolda baş verən avtomobil qəzalarında həyatını itirən vətəndaşları xüsusi qeyd etmək lazımdır.

Son 10 ildə əhalinin “cəhənnəm yolu” adlandırdıqları ərazidə heç vaxt təmir-bərpa işləri aparılmayıb. Sürücülər bu yollarda maşınları çətinliklə idarə edir, həyatlarını riskə atırlar. Hətta çox zaman bu yolda əziyyət çəkməmək üçün Biləsuvardan Ələtə gəlir və oradan da Kürdəmirə və digər rayonlara gedirlər. Nəticə etibarilə 125 km olan yol 250 km-ə qədər uzanır. Bu isə siz düşünün həm maşına, həm də yanacağa nə qədər ziyandır. İnsanlar 1 saata qətt edəcəkləri yolu 2-3 saata qətt etməli olurlar. Yolu təmir etmək əvəzinə uzanmağına, vaxt itirməyə razı olan mərmurlar eyni zamanda yəhudilərin “vaxt qızıldır” deyimindən də uzaq düşürlər. Təki pul itməsin! Bizimkilər üçün vaxt itsə də olar…

“Hər il yolların təmir-bərpasına fantastik məbləğdə pul ayrılsa da, qarşılığında əhalinin yol rahatlığına mane olan “məmurlar” eyni zamanda Cənab Prezidentin sərəncamlarına da, xəyanət etmiş olmurlarmı?

125 km olan yolun 250 km-ə qədər uzanmasına razı olan “məmurlar” görəsən biz cəhənnəmə öz rahatlıqlarınıdamı düşünmürlər?
Mirzə Ələkbər Sabirin uzaqgörənliyi illər əvvəl “cəhənnəm yolu”na səbəb olan üzdəniraq məmurların əsil simasını çox gözəl təsvir etmişdi axı…

Hətta Mirzə Ələkbər Sabirin qələmə aldığı hər bir misranın pul düşkünü olan bir sıra məmurlara həsr etməsini nəzərə alaraq,o misralara “Cəhənnəm yolunu” qətt etmiş bir bəstəkarın musiqi bəstələməsi gərəkir. Çünki Molla Nəsrəddin demişkən, danışdığımız yolun və bu məmurların bu cür laqeyidliyinə ancaq gərək oxuyasan…

Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?

İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?

Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?

Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?

Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?


Gülçin Çinar

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here