Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi yüksək peşəkarlıq göstərərək ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin keyfiyyətli istintaqını aparıb və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını təmin edib.
VOİCEPRESS-in məlumatına görə, bu barədə Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə bu gün keçirilən prokurorluq orqanları tərəfindən 2016-cı ildə “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.
Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dünyada baş verən iqtisadi böhrana baxmayaraq 2016-cı ildə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlaya bilib, iqtisadi sabitlik təmin edilmiş və aparılan ciddi və hərtərəfli iqtisadi islahatlar ölkənin gələcək inkişafı üçün perspektivlər açıb. Həyata keçirilən islahatlar nəticəsində bütün sosial proqramlar uğurla icra edilib, qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı 2 faiz, əhalinin pul gəlirləri 7 faiz, orta əmək haqqı 9 faiz artıb.
Qəbul edilmiş Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirib, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb.
Xüsusi vurğulanıb ki, ötən il ölkəmizin hərtərəfli inkişafının parlaq gələcəyinə təminat verən qərarların qəbul edilməsi, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, ordumuzun aprel döyüşlərində şanlı qələbələri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi ilə yadda qalıb.
Bildirilib ki, son dövrlərdə ölkəmizdə həyata keçirilən mütərəqqi, ardıcıl iqtisadi təşəbbüslər, idarəetmə sistemində aparılan köklü dəyişikliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar, vətəndaşlara dövlət orqanları tərəfindən yüksək səviyyəli xidmətin göstərilməsi üçün “Asan xidmət” mərkəzlərinin sayının 11-ə çatdırılması, xidmətin funksiyalarının genişləndirilməsi və digər sosial xarakterli tədbirlər möhkəm təməl üzərində qurulmuş “İnkişafın Azərbaycan modeli”nin bariz göstəricisidir.
Diqqətə çatdırılıb ki, 2016-cı il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Prokurorluq orqanlarının səyləri Prezident İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilib.
Hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunub məsuliyyətə cəlb edilmələri üçün zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Daxili İşlər Nazirliyinin əməliyyat qurumları ilə həyata keçirilən birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində qeydə alınmış 178 qəsdən adam öldürmə cinayətlərindən 172 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 64 cinayətin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 96,6 % (2015-ci ildə 95,5 %) təşkil edib.
Diqqətə çatdırılıb ki, əlaqədar dövlət təsisatları tərəfindən cinayətkarlıq və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizə ilə bağlı həyata keçirilmiş qabaqlayıcı profilaktiki tədbirlərin nəticəsidir ki, 2016-cı ildə qeydə alınmış ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq, odlu silahla törədilən, ictimai yerlərdə baş verən və sair cinayətlərin sayı 2015-ci illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Daxili işlər orqanları ilə birgə həyata keçirilmiş qabaqlayıcı tədbirlərin, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını tənzimləyən normativ aktların düzgün tətbiqi və cəzanın labüdlüyünün təmin edilməsinin nəticəsi kimi respublika ərazisində qeydə alınmış yol nəqliyyat hadisələrinin sayındakı azalma hesabat ilində də davam edib. Belə ki, yol nəqliyyat hadisələri 9,6 %, qəzalarda ölənlərin sayı 15,1 %, yaralananların sayı isə 11,6 % azalıb.
Qeyd olunub ki, qanunsuz fəaliyyət göstərən radikal dini ekstremist qüvvələrin, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri və digər cinayət işlərinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəmələrə göndərilib.
Cinayətkarlığa qarşı mübarizə sahəsində müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmaqla, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Hesabat dövründə ümummilli lider Heydər Əliyevin ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “28 May-Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli Qərarın vaxtında icrasını təmin etmək məqsədilə Baş Prokurorluq tərəfindən zəruri işlər görülüb, qərarın qüvvəyə mindiyi gündən 4 ay müddətində ümumilikdə 10.931 məhkum barəsində amnistiya aktı tətbiq edilib.
Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli Fərmanında və 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, ictimai nəzarətin gücləndirilməsi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə böyük məsuliyyət qoyulub.
Bildirilib ki, dövlət başçısının siyasi iradəsinə uyğun olaraq, hesabat dövründə Azərbaycan Respublikası Prokurorluğunun əlaqədar struktur qurumları, bütün tabe prokurorluqlar, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya və rüşvətxorluq kimi təhlükəli təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, bu kateqoriyadan olan cinayətlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirilib. Baş İdarə tərəfindən rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və sair faktlar üzrə 313 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş, həmin işlər üzrə vurulmuş maddi ziyandan istintaq dövründə 33 milyon manatın ödənilməsi təmin edilmiş, 78 milyon manat məbləğində əmlakın üzərinə həbs qoyulub.
BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının, eləcə də Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) korrupsiya əleyhinə Konvensiyasının implementasiyası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 12 ölkədə antikorrupsiya qanunvericiliyinin vəziyyəti və tətbiqi ilə bağlı keçirilən monitorinqlərdə ekspert qismində iştirak etmiş və cari ildə daha 4 ölkədə iştirakları nəzərdə tutulub.
Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının bütövlükdə prokurorluq orqanları tərəfindən istifadəsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası prokurorluğunun və ərazi hərbi prokurorluqlarının vahid şəbəkəyə qoşulması, beynəlxalq təcrübə nəzərə alınmaqla həmin proqramların funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, eyni zamanda bu proqramların yerlərdə prokurorluq əməkdaşları tərəfindən istifadəsinin nəzarətdə saxlanılması barədə müvafiq tapşırıqlar verilib.
Hesabat dövründə ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc hüquqşünasların prokurorluğa qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla işə qəbul edilmiş gənclərin hazırda prokurorluq orqanlarının kadr korpusunun 63 faizini təşkil etməsi və onların vəzifədə irəli çəkilməsi prokurorluqda aparılan kadr islahatının böyük uğuru kimi dəyərləndirilib.
Bildirilib ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi işinin səmərəliliyinin artırılması məqsədilə, bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin olunub, idarə əməkdaşları tərəfindən bir çox aktual və ictimaiyyətin maraq dairəsində olan cinayət işləri üzrə məhkəmələrdə dövlət ittihamı yüksək peşəkarlıqla müdafiə olunub.
Dövlətin həyata keçirdiyi sosial yönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılıb. Hesabat dövründə respublikamızın 11 rayonunda keçirilmiş qəbullarda Baş Prokurorluğun rəhbərliyi tərəfindən 325 vətəndaş qəbul edilib. Müşavirədə yerlərdə müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilində müəyyən çatışmamazlıqların mövcudluğu diqqətə çatdırılmaqla tələb edilib ki, bu sahə gündəlik nəzarətdə saxlanılmaqla, Baş Prokurorluq üzrə “Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” əmrin qeyd-şərtsiz icrası təmin edilsin.
Qeyd olunub ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2016-cı ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 58 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, prokurorluq işçisinə yaraşmayan və prokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 9 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da neqativ təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilib.
Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində kəsərli istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 6 qəsdən adam öldürmə cinayətlərinin, o cümlədən, Bakı şəhərinin Sabunçu rayonunda 2, Gəncə şəhər, Daşkəsən, Gədəbəy və Bərdə rayonlarının hər birində 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi dəyərləndirilib. Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırılmışdır ki, 2016-cı ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması üçün daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi təmin edilsin.
Qeyd edilib ki, görülmüş müsbət işlərə baxmayaraq cinayət işlərinin istintaqı və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində qüsurlar hələ də qalmaqdadır, cinayət-prosessual qanunvericiliyin tələblərinin, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması, əsassız prosessual qərarların qəbul edilməsi hallarına yol verilir. İstintaq işinin düzgün təşkilinə cavabdeh olan sahəvi qurumların rəhbərləri tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması kimi mühüm prosessual hərəkətlərin icrası zamanı qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, istintaq işinin keyfiyyətinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin zəruri tələblər səviyyəsində təşkili üçün ciddi təminatlar yaradan Baş Prokurorluq üzrə “Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin səmərəliliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətinin gücləndirilməsi və bu sahədə işin daha da təkmilləşdirilməsi haqqında” əmrin tələblərinə qeyd-şərtsiz əməl olunması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədilə konkret tapşırıqlar verilib.
Kollegiya iclasında xüsusi vurğulanmışdır ki, ordu quruculuğu məsələlərinə dövlət səviyyəsində ən yüksək diqqət yetirilməsi, müdafiə sənayesi potensialının yaradılması və bu məsələlərə ayrılan büdcə vəsaitlərinin ilbəil artırılması mübariz Silahlı Qüvvələrin formalaşdırılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin müasirləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub, Müdafiə Nazirliyi ilə qarşılıqlı əlaqədə görülmüş işlərin nəticəsi olaraq, bəzi hərbi cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına, hərbi prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin 99,1 faizinin açılmasına, rüşvətxorluq və korrupsiya faktları üzrə cinayət işlərinin yüksək peşəkarlıq səviyyəsində istintaq edilərək təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsinə, erməni təcavüzkarları tərəfindən törədilmiş soyqırım və digər ağır cinayətlərin araşdırılması istiqamətində məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə nail olunub. Əminlik ifadə olunub ki, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən hesabat ilində əldə edilmiş müsbət iş göstəricilərinin daha da möhkəmləndirilməsi və fəaliyyət istiqamətləri üzrə işin təkmilləşdirilməsi, artım tendensiyası müşahidə olunan cinayətlərin profilaktikası, cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilmiş işlərin səmərəliliyinin artırılması, xidməti və icra intizamının daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən müvafiq dövlət təsisatları ilə əlaqəli şəkildə 2016-cı ildə cinayətkarlığın bütün təzahürlərinə və qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, fəaliyyət sahələri üzrə işin təkmilləşdirilməsi, müsbət iş göstəricilərinə nail olunmaqla ciddi nizam-intizam yaradılması təmin olunub. Şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarına növbəti qəbulun müvəffəqiyyətlə həyata keçirilməsi, əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər aparılan islahatların uğurlu nəticələri kimi dəyərləndirilib.
Bakı şəhər prokurorluğu orqanları tərəfindən də “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində bir sıra səmərəli tədbirlərin həyata keçirilməsi təmin edilib, daxili işlər orqanları ilə əlaqəli şəkildə görülmüş məqsədyönlü tədbirlərin nəticəsi olaraq, şəhər üzrə qeydə alınmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, quldurluq cinayətlərinin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələri və həmin hadisələr nəticəsində ölənlərin sayının azalmasına nail olunub, konkret cinayət işləri üzrə peşəkarlıq səviyyəsində istintaq aparılıb.
Baş prokurorun müavini-Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Gəncə şəhər prokuroru Fazil Həsənəliyev və Füzuli rayon prokuroru Ramazan Hadıyevin çıxışlarında 2016-cı il ərzində cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülüb.
Kollegiya iclasına yekun vuran Baş prokuror əmin olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvələrini səfərbərliyə almaqla, bundan sonra da digər əlaqədar dövlət təsisatları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini göstərəcək.
VOİCEPRESS.AZ