Azərbaycanda ana ölümlərinin səbəbi bilindi

21 Fevral, 14:39

“Azərbaycanda da bütün dünyada olduğu kimi ana ölümlərinin əsas səbəbləri sırasında ağır formalı preklampsiya üstünlük təşkil edir”.

VOİCEPRESS report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova jurnalistlərə deyib.

Onun sözlərinə görə, çox vaxt qadınlarda preklampsiya (ağır hamiləliyin fəsadlaşması) müşahidə olunur: “Bu zaman onlarda təzyiq yüksək olur, sidikdə zülal və bədəndə ödəm (şişlər) olur. Bu, əksər vaxtlarda qadınlarda hamiləliyin ikinci yarısından, yəni 22-24-cü həftəsindən başlayaraq özünü gizli şəkildə büruzə verir. Əlamətlər daxildən başlayır, qadın ağırlaşır, yuxusu gəlir, əli, ayağı şişir”.

Baş mama-ginekoloq bildirib ki, bəzən hamilələrin ailəsi və qohumları onun vaxtında həkimə müraciət etməsinə yardımçı olmurlar: “Onlara ana və nənəsini misal göstərirlər. Amma bu problemlər hamilə qadının həm bətnində olan dölü inkişafdan saxlayır, həm də onun özünə ciddi ziyan vurur, yəni qaraciyərində, böyrəyində, damarlarında, göz dibində, beynində dəyişikliklər meydana çıxır. Həmin qadınlar ağırlaşmış formada xəstəxanaya daxil olanda yalnız təxirəsalınmaz halda onlara yardım edə bilirik”.

S.Məmədova qeyd edib ki, əgər hamilə qadının qız vaxtı sağlamlığı normal olubsa və heç bir ekstragenital xəstəliyi olmayıbsa, bu zaman qadın məsləhətxanasına 7 dəfə müraciət edilməlidir: “Təəssüf ki, bəzən qadınlar və qızlar öz xəstəlikləri barədə anlayışlı olmurlar. Həkimə hamilə qalandan sonra gec müraciət edirlər. Nəticədə bir sıra xəstəliklər hamiləlik vaxtı kəskinləşir. Bu zaman həkimə müraciət etdikdə isə ona yardım göstərmək üçün vaxt məhdudlaşır. Lakin o da məlumdur ki, heç bir qadının sağlamlığı ideal formada deyil və hər birinin qız vaxtından qalan problemləri var”.

“Əgər qadın məsləhətxanasında həkim-ginekoloq hamiləyə bir neçə dəfə gəlməyi məsləhət görürsə, onda buna riayət etmək lazımdır. Çox vaxt hər hansı bir gizlin keçən xəstəlik barədə şübhə edirik. Təbii ki, dəqiq diaqnoz qoymaq üçün müəyyən vaxt (3 gün, 1 həftə və ya 10 gün) lazım olur. Çox vaxt hamilələr bunu unutduğundan təyin edilən təkrar müayinələrə gəlmirlər. Təkrar müayinələr hamilə qadının bədənində baş verən dəyişikliklər barədə ilkin diaqnostika üçün vacib addımdır”, – deyə baş mama-ginekoloq vurğulayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here