“Azərbaycan ilə Səudiyyə Ərəbistanını müştərək dəyərlər və qarşılıqlı faydalı əlaqələr birləşdirir”

4 Fevral, 15:01

Səudiyyə Ərəbistanı Krallığında səfərdə olan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-İxbariyyə” televiziyasına müsahibə verib.

VOİCEPRESS trend-ə istinadən müsahibəni təqdim edir.

– Səudiyyə Ərəbistanı Krallığı təxminən 26 il bundan əvvəl Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Krallıqla Azərbaycan arasındakı əlaqələri necə səciyyələndirirsiniz və perspektivləri necə görürsünüz?

– Dost və tərəfdaş ölkələr kimi Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında bir çox sahələri əhatə edən səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd etdiyiniz kimi, 1991-ci il dekabrın 30-da Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub, 1992-ci ilin fevralında isə dövlətlərimiz arasında diplomatik əlaqələr qurulub. Ötən dövr ərzində Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı münasibətləri tənzimləyən müqavilə-hüquq bazası formalaşdırılıb, hökumətlər səviyyəsində müştərək komissiya yaradılıb, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verib, bu siyasət sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edim ki, 2015-ci ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Krallığa rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm impuls verib.

Münasibətlərimizin perspektivlərinə gəldikdə, düşünürəm ki, burada böyük potensial var. Biz müxtəlif sahələri əhatə edən imkanlardan hələ də tam istifadə etməmişik. Əminəm ki, qarşıdan gələn dövrdə əlaqələrimizin daha da genişləndirilməsi və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün lazımi tədbirlər görüləcək.

– Azərbaycan Respublikası ilə münasibətlər məsələsi İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşün əsas mövzularından oldu. Görüş necə keçdi və Səudiyyə Ərəbistanının beynəlxalq və regional səviyyədə rolunu necə qiymətləndirirsiniz?

– İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səud ilə görüşmək və Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Krala çatdırmaq şərəfinə nail oldum. Həmçinin bildirdim ki, Azərbaycan Prezidenti və xalqı IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində onu ölkəmizdə görmək istəyirlər.

Səudiyyə Ərəbistanı Krallığı Körfəz regionunun ən böyük dövləti, ərəb dünyasının liderlərindən və İslam dünyasının ən nüfuzlu ölkələrindən biridir. Krallığın zəngin iqtisadi, maliyyə, humanitar resursları, dini mərkəz statusu ona regionun lider dövlətlərindən biri olmaq imkanı verir. Burada Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında paralel aparmaq olar. Çünki müstəqillik illərində həyata keçirilmiş məqsədyönlü, praqmatik və milli maraqlara əsaslanan siyasi kurs nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzi, bölgənin lider dövləti statusuna yüksəlib. Bu baxımdan ölkələrimizin əlaqələrini daha da dərinləşdirmək üçün böyük imkanlar var. Hesab edirəm ki, biz bu strateji vəzifəni reallaşdırmaq üçün çox iş görməliyik.

– Bu il əl-Cənadəriyyə festivalında iştirak etmək dəvətini almağınızı necə qiymətləndirirsiniz və Krallığın mədəni irsinin bir məkanda təcəssüm olunan rəngarəngliyini necə gördünüz?

– Ölkənizə səfərim və keçirdiyim görüşlərin, habelə iştirak etdiyim mədəni tədbirlərin əhəmiyyətini vurğulamaqla, Səudiyyə Ərəbistanı haqqında təəssüratlarımın çox yüksək olduğunu qeyd etmək istərdim. Dəvətə görə başda İki Müqəddəs Ocağın Xadimi olmaqla, Səudiyyə Ərəbistanının Hökumətinə, mədəniyyət və informasiya nazirinə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Azərbaycan nümayəndə heyətinin də əl-Cənadəriyyə festivalında iştirakı sevindirici haldır. Bu festivalda Krallığın zəngin mədəni irsinin, habelə Ərəb Səhrasında mədəni rəngarəngliyin şahidi oldum. Təəssüratlarım onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı İslam dünyasında təkcə dini mərkəz deyil, həm də mədəni mərkəzlərdən biridir.

– Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün bir sıra sazişlər bağlanıb. Bu əməkdaşlığı necə görürsünüz və gələcəkdə bu, necə inkişaf etdirilə bilər?

– Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dərin, çoxşaxəli və güclü əlaqələr var. 1994-cü ilin iyulunda iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq haqqında Baş Sazişin imzalanması, sonrakı dövrdə ikitərəfli əlaqələrin inkişafını şərtləndirən hüquqi bazanın genişləndirilməsi, qarşılıqlı səfərlərin, təmasların intensivləşdirilməsi, dini, mədəni, tarixi dəyərlər arasında sıx bağlılıq, habelə liderlərimiz arasında xoş və səmimi münasibətlər Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasında əlaqələrin bugünkü səviyyəsini və inkişaf perspektivini şərtləndirən başlıca amillərdir. Hesab edirəm ki, formalaşmış baza siyasi, iqtisadi və mədəni əlaqələrimizi daha da möhkəmləndirmək üçün etibarlı zəmin yaradır.

Qeyd edim ki, son illər Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli və xarici iş adamları üçün əlverişli biznes mühitinin inkişaf etdirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Həmçinin Azərbaycanın iqlimi, coğrafi göstəriciləri, yaradılmış müasir turizm infrastrukturu, xalqımızın zəngin mədəni irsi, qonaqpərvərliyi və s. ölkəmizi beynəlxalq turizm üçün cəlbedici məkana çevirib. Düşünürəm ki, bu və digər sahələrdə qarşılıqlı əlaqələrimizi inkişaf etdirmək üçün çox yaxşı potensial var.

Həmçinin bildirmək istərdim ki, 2015-ci ildə tarixdə ilk dəfə l Avropa Oyunlarını uğurla keçirən Azərbaycan bu il də lV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Əminəm ki, həm də siyasi əhəmiyyət kəsb edən bu böyük idman bayramı dünyada İslam həmrəyliyinin təntənəsi olacaq, müsəlman ölkələri arasında mehriban münasibətlərin inkişafına xidmət edəcək.

– Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında neft sahəsində ortaq bir bəyanat var. Neft bazarının hazırkı durumunu necə qiymətləndirirsiniz və ölkəniz neft bazarının sabitləşməsi üçün hansı cəhdləri göstərir?

– Qeyd edim ki, Səudiyyə Ərəbistanı Krallığı 1994-cü ildə Bakıda imzalanmış “Əsrin müqaviləsi”ndə iştirak edib və Krallığın Delta-Hess şirkəti müqavilədə 2,72 faiz paya sahib olub. 2012-ci ildə isə Azərbaycanın neft şirkəti olan SOCAR ilə Səudiyyə Ərəbistanının “Soroof International” şirkəti arasında neft-qaz sahəsində Anlaşma Memorandumu imzalanıb. Eyni zamanda, qarşılıqlı səfərlər və enerji məsələləri ilə bağlı təmaslar bu sahədə ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edib.

Bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi neft hasil edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib. Bu sahədə vəziyyətin tənzimlənməsində neft istehsal edən ölkələrin, xüsusilə OPEC üzvlərinin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan OPEC-in üzvü deyil. Bu təşkilata üzv və qeyri-üzv ölkələr arasında neftin qiyməti ilə bağlı razılaşma var. Ölkəmiz hesab edir ki, neft öz layiqli qiymətinə çatanadək OPEC-ə üzv və qeyri-üzv ölkələr arasında konstruktiv dialoq davam etməlidir.

– Prezident Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycan-ABŞ əlaqələrini necə qiymətləndirirsiniz?

– Biz Amerika xalqının iradəsinə ehtiram göstəririk və cənab Donald Trampın prezident seçilməsini ABŞ xalqının iradəsinin təcəssümü hesab edirik. Azərbaycan ilə ABŞ arasında dərin strateji əlaqələr var. Bu əlaqələr beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də terrorla mübarizə sahələrini əhatə edir. Azərbaycan sülhməramlıları ABŞ qüvvələri ilə birlikdə dünyanın müxtəlif regionlarında xidmət edirlər. Biz ABŞ ilə qarşılıqlı faydalı əlaqələrimizin və səmərəli əməkdaşlığımızın davam etməsini istəyirik.

– Avropa ilə əlaqələriniz, Avropa İttifaqına qoşulmaq üçün səyləriniz barədə nə deyə bilərsiniz?

– Azərbaycan Avropa Şurasının üzvüdür və Avropa Şurası ailəsinə töhfə verməkdə davam edir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı və onun təsisatları arasında davamlı və sıx əlaqələr var. Təkcə onu qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Avropa İttifaqı Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləyir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu artır.

Azərbaycanın Avropa İttifaqının üzvü olmaq barədə sualınıza gəlincə, qeyd edim ki, ölkəmiz Avropa İttifaqı ilə ikitərəfli çərçivədə qarşılıqlı maraqlara söykənən əlaqələrin inkişafında maraqlıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here