VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz “Azərreyl” də doğma meydanda azarkeşlər önünə çıxacaq.
“Dəmiryolçular”ın vacib matçdakı qonağı “Fənərbağça” olacaq. Matçın gərgin keçəcəyi gözləniləndir. Çünki son illər istanbullulardan nəinki xal, set belə ala bilmirik. Amma bu dəfə tilsimi qırsaq, son turun nəticəsindən asılı olmayaraq, komandamız mərhələ adlayacaq. Onların qrupda ikinci olması üçün 2 hissədə qələbə qazanması da kifayət edəcək. Xal qazanmadan məğlubiyyət isə komandamızın işini çətinləşdirə bilər.
Düzdür, Famil Ağayevin yetirmələri üçün oyunu vacib edən daha bir nüans isə qrupun autsayderləri “Dabrova Qornitsa” (Polşa) ilə “Sen-Rafael” (Fransa) arasındakı matçın nəticəsidir. Təmsilçimizə çatmaq üçün nəzəri şansları olan polşalılar bu oyundan qələbə ilə ayrıldıqları üçün komandamızın məğlubiyyəti riskli olacaq. “Fənərbağça”nın ardından “Azərreyl”in də pley-offa çıxması üçün “dəmiryolçular” türklərlə matçda bir xal qazanmalı, bu da baş verməsə, son matçda “Dabrova Qornitsa” ilə oyunu gözləməlidir.
VOİCEPRESS.AZ