AMEA-da görkəmli yazıçı və alim Kamal Abdullayevlə görüş keçirilib

3 Fevral, 17:32

AMEA Alimlər evinin təşkilatçılığı və Mərkəzi Elmi Kitabxananın (MEK) təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik Kamal Abdullayevlə görüş keçirilib.

VOİCEPRESS xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları akademik Kamal Abdullayevin əsərlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə alimin Mərkəzi Elmi Kitabxanaya bağışladığı şəxsi kitab kolleksiyasından nəşrlər, haqqında yazılmış monaqrafiyalar və dövri mətbuat yazıları nümayiş etdirildi.

Görkəmli yazıçı və ictimai xadim Kamal Abdullayevin zəngin elmi və ədəbi yaradıcılığından, səmərəli ictimai fəaliyyətindən danışan AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalarından, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatlarından söz açdı. Kamal Abdullayev yaradıcılığına böyük marağın olduğunu qeyd edən AMEA-nın vitse-prezidenti onun əsərlərinin rus, fransız, ingilis, türk, gürcü, portuqal, yapon və başqa dillərə tərcümə edildiyini diqqətə çatdırdı.

Sonra akademik Kamal Abdullayev elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri, həmçinin müxtəlif janrda yazdığı bədii əsərləri barədə məlumat verdi. Məqsədyönlü fəaliyyət nəticəsində multikulturalizmin bu gün ölkəmizdə dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən K.Abdullayev hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda yaşayan xalqların dillərinin qorunması, mədəniyyətlərinin inkişafı istiqamətində böyük işlər görüldüyünü söylədi. Akademik K.Abdullayev bildirdi ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm İli”nin məntiqi davamı hesab etmək olar. İslam həmrəyliyi Azərbaycandakı multikultural mühitin özlüyündə təbii bir davamıdır.

Daha sonra Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edərək yazıçının yaradıcılığında fəlsəfi dünyagörüş, humanizmi müdafiə meyilləri, Azərbaycanda multikulturalizm fəlsəfəsinin inkişafına müstəsna xidmətlərindən danışdı.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova və başqaları çıxış edərək akademik Kamal Abdullayevin Azərbaycan dilinin sintaksisinə dair elmi araşdırmalarından, umumilikdə dilimizin və mədəniyyətimizin təbliği ilə bağlı gördüyü işlərdən söz açdılar.

Sonda yazıçı görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırdı.

Tədbirdə görkəmli yazıçının həyat və yaradıcılığından bəhs edən film də nümayiş etdirildi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here