Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyan bu ölkədəki Birləşmiş Azərbaycanlılar Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevlə biznes ortalığı və son Yeni İl şənliyində Dağlıq Qarabağla bağlı onların adından yayılan xəbərlərə aydınlıq gətirib.
VOİCEPRESS xəbər verir ki, Aşot Ovanesyan apa-ya açıqlamasında bildirib ki, qeyd edilən yeni il şənliyi ermənilər tərəfindən ermənilərin məkanında yox, “Bakı” restoranında Ukraynada yaşayan etnik xalqlar tərəfindən keçirilib, ermənilərdən də orada yalnız o iştirak edib.
A. Ovanesyan qeyd edib ki, məclisdə Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı azərbaycanlıların imicinə xələl gətirən söhbətlərin aparılması barədə deyilənlər yalandır: “Mən mədəniyyət xadimiyəm. Rövşən Tağıyev isə Ukraynanın tanınmış simasıdır, vətəni Azərbaycanın əsl patriotudur. Mən onu uzun illərdir tanıyıram. Belə dezinformasiyalarla tək onun imicini yox, Azərbaycan diasporunu ləkələmək istəyirlər”.
A. Ovanesyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini də açıqlayıb: “Mənim rəhbərlik etdiyim konqresin mövqeyi bundan ibarətdir ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə sülh əsasında son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Azərbaycan mənim vətənimdir, mən orada Oğuz rayonunda doğulmuşam. İndi də biz ailə olaraq Azərbaycanı özümüzə vətən hesab edirik. Biz istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Bu münaqişədən erməni xalqı çox əziyyət çəkir, müharibə bitər, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.
VOİCEPRESS.AZ