Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz və Səfirliyin əməkdaşı Habil Əliyev AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) kitablar hədiyyə ediblər.
VOİCEPRESS xəbər verir ki, qonaqları qarşılayan MEK-in direktoru Leyla İmanova Türkiyə səfirliyinin əməkdaşlarını kitabxanada görməkdən məmnunluğunu ifadə edib. O, təqdim olunan kitabların əhəmiyyətindən bəhs edib. Direktor əlavə edib ki, siyahıdakı kitablardan bir neçəsi MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil ediləcək.
Səfirliyin müşaviri Hamit Karadeniz MEK-in akademiklər zalında diplomatik korpuslar üçün olan guşəyə baş çəkib. O, burada Türkiyə Cümhuriyyəti üçün ayrılmış bölməyə görə kitabxana rəhbərliyinə minnətdarlığını bildirib. H.Karadeniz müxtəlif mövzularda 60-a yaxın türk ədəbiyyatını, Türkiyə bayrağını, İstiqlal marşının sözlərinə həsr olunmuş çərçivəini, 15 iyul 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdi ifadə edən xatirə plaketini təqdim edib. Müşavir bildirib ki, Türkiyə Səfirliyi hər zaman Mərkəzi Elmi Kitabxana ilə əməkdaşlıq etməyə hazırdır və əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə çalışılacaq.
Sonda qonaqlar MEK-in yenicə hazırlanmış “Virtual bələdçi”si ilə tanış oldular və xatirə şəkli çəkdirdilər.
VOİCEPRESS.AZ