Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra yayımı dayandırılan TRT1-in bərpası istiqamətində işlər görülür.
VOİCEPRESS xəbər verir ki, bu barədə azvision.az-a “Türk İşbirliği və Koordinasyon Ajansı Başkanlığı”nın (TİKA) Bakı nümayəndəliyindən bildirilib. Qeyd edilib ki, texniki məsələlər öz həllini tapan kimi kanalın yayımı bərpa olunacaq.
“Texniki məsələlərin nə zaman bitəcəyi bəlli deyil. Dəqiq vaxtı deyə bilmərik, hazırda proses üzərində iş gedir, nəticə hasil olsa mətbuata açıqlama veriləcək”.
Qeyd edək, rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə TRT-1 telekanalının Azərbaycanda yayımı dayandırılıb.
Xatırladaq ki, TRT-1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir.
VOİCEPRESS.AZ