“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasını nəzərdə tutan Sərəncamı hər kəs kimi məni də hədsiz sevindirdi.
Təsəvvür edək ki, bir azərbaycanlı iyirmi, otuz, qırx, əlli, yüz il sonra bu Sərəncam ilə tanış olur. Adam nə düşünür? Torpağımız işğal olunubmuş. Demək ki, yaşadığı coğrafiyanın həssaslığı baxımından bu Vətən üçün işğal təhlükəsi var və bu təhlükəyə qarşı səfərbərlik mütləqdir”.
VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Ə.Amaşov qeyd edib: “Vətənimiz dəfələrlə işğal edilib. Nə vaxtsa, olubmu ki, işğaldan azad edilmə mühüm dövlət sənədimizdə əksini tapsın? Bu, ilk dəfədir. Torpağımızı işğaldan azad edə bilirik. Millət olaraq bu təpəri özümüzdə tapırıq. Deməli, var olmağa, yaşamağa layiqik.
Cənab İlham Əliyevin məlum Sərəncamı həm yerli ictimaiyyətə, həm də beynəlxalq aləmə mesajdır. Yeni “aprel müharibəsi” mesajı. Əlbəttə, danışıqlar fayda verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxlayır. Dövlət başçımız bunu dəfələrlə bildirib. “Aprel müharibəsi” onun prinsipial mövqeyinin təsdiqi idi. İmzaladığı Sərəncam isə bir kəndin işğaldan azad edilməsinin timsalında düşmən əsarətində olan hər bir kənd və qəsəbəmiz üçün qurtuluş və nicat yolunun mütləqliyinin vurğulanmasıdır.
Torpağımızın bir qarışı belə işğalda qalmayacaq. 2016-cı ilin “aprel müharibəsi” zamanı xalq olaraq nümayiş etdirdiyimiz əzm və iradə bunu təsdiqlədi. Prezident Sərəncamı da xalqın ruhundan qaynaqlanır. Sənədin preambulasına diqqət yetirək: “Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır”.
Bəli, xalqımız torpağını, doğma yurd-yuvasını azad görmək istəyir ki, orada yaşasın, qursun-yaratsın. Cocuq Mərcanlının bərpası ilə ərazi bütövlüyümüzün bərpasına doğru yeni yol açırıq. Yolumuz uğurlu olsun!”
VOİCEPRESS.AZ