Astana görüşündən sonra Rusiyanın Suriya üçün hazırladığı gizli plan ortaya çıxıb.
VOİCEPRESS-in istipress-ə istinadən məlumatına görə, Suriyalı müxaliflər layihədə 8 kritik maddənin olduğunu deyir.
Bunlardan birincisi ad dəyişikliyi ilə bağlıdır. Belə ki, Suriya konstitusiyasının birinci maddəsində ölkənin rəsmi adı “Suriya Ərəb Respublikası” olaraq ifadə edilir. Dəyişikliyə əsasən addan “Ərəb” sözü çıxarılır və “Suriya Respublikası” olaraq ifadə edilir.
Mövcud konstitusiyanın birinci maddəsindəki unitar dövlət quruluşu saxlanılsa da, sızan maddədə kürdlərə muxtariyyət verilməsi ehtiva edilir.
Digər tərəfdən inzibati bölgələrə öz dillərini seçmək hüququ da veriləcək. Yəni kürdlərin yaşadığı muxtar ərazidə ərəb dili ilə yanaşı, kürd dili də işlənəcək.
Konstitusiya layihəsində əsas dəyişikliklərdən biri ölkənin dünyəvilik prinsipləri əsasında idarə olunmasıdır.
Mövcud konstitusiyaya görə, Suriya prezidentinin müsəlman olması vacibdir. Dəyişiklikdə isə bu zərurət aradan qaldırılır. Digər tərəfdən “İslam hüququ, həyatın təməlidir” ifadəsi də çıxarılır.
Moskvanın planında prezidentin səlahiyyət müddəti bir dəfəlik olmaq üzrə yeddi illə məhdudlaşacaq. Bu dəyişiklik, Əsədin daha 7 il vəzifədə qalacağı anlamına gəlir.
Prezidentin səlahiyyətlərinin “bölgələr məclisi” tərəfindən məhdudlaşdırılması, Konstitusiya Məhkəməsinin sədrinin prezident tərəfindən deyil, məclis tərəfindən seçilməsi də Rusiyanın dəyişikliklər siyahısındadır.
Suriya müxalifəti isə bu dəyişikliklərə etiraz edir və “Suriyanın gələcəyini Suriyalılar hazırlamalıdır, xarici ölkələr deyil” deyirlər.
VOİCEPRESS.AZ