Şeyx Çingizdən danışdı: “Əlimdən gələni edirəm”

25 Yanvar, 20:01

“Bu məsələ Azərbaycan xalqı üçün çox vacibdir. Dövlət rəhbəri İlham Əliyev həzrətləri bundan əvvəlki hadisələrdə də təmkinli davranıb. O, şəhid Mübariz İbrahimovun meyitini qaytara bildi. Əlbəttə, Çingiz Qurbanovun nəşinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi, ictimai təşkilatlar və dünya ictimaiyyəti öz sözlərini deməli, tələb irəli sürməlidir”.
VOİCEPRESS xəbər verir ki, bu sözləri istipress-ə müsahibəsində bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Ermənistan ordusunun əlində olan şəhid Çingiz Qurbanovun nəşinin qaytarılması ilə bağlı açıqlama verərkən bildirdi.

A.Paşazadə qeyd etdi ki, şəhidimizin geri qaytarılması üçün ondan nə asılıdırsa, əlindən gələni edir.

“Bundan sonra da edəcəm. Bizim üçün də məhdudiyyətlər var. Məsələn, qarşı tərəfin dini lideri məni eşitməlidir. O, Azərbaycan xalqının torpaqlarına təcavüz edən xalqı təmsil edir. Onların dini lideridir. Hər halda, biz məsələnin müsbət yolla həll olunması üçün yollar axtarırıq. Elə bilirəm ki, bu məsələ əsasən dövlət işidir. Dövlətin bu işlə məşğul olan əsir və itkin düşənlərlə bağlı dövlət komitəsi fəaliyyət göstərir. O komissiyada Qafqaz müsəlmanları idarəsi sədrinin birinci müavini Salman Musayev iştirak edir. Ümid edirəm məsələ müsbət həllini tapacaq. Xüsusən də dövlət rəhbəri Çingizin meyitinin qaytarılması məsələsinə biganə yanaşmır”, – deyə bütün Qafqazın Şeyxi bildirdi.
Xatırladaq ki, dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu Ermənistan silahlı qüvvələrinin əlinə düşüb. Ermənistan tərəfi şəhidin nəşini qaytarmaqdan boyun qaçırır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here