Serj Sarkisyan Ermənistanda hakimiyyəti əldən verməmək üçün apreldə bir illiyinə baş nazir kürsüsünə müvəqqəti bir şəxsi təyin edəcək.
Məsələ bundadır ki, apreldən Ermənistan parlament respublikasına çevrilir və icra hakimiyyəti baş nazirə veriləcək, prezident isə məhdud səlahiyyətlərə malik arxa plan məmuruna çevriləcək. “Jamanak”ın yazdığına görə, parlament seçkilərində hakim Respublika Partiyasının proporsional siyahısına indiki müdafiə naziri Viqen Sarkisyan rəhbərlik edəcək.
Yəni Serj Sarkisyan əlindəki resurslardan istifadə edərək öz partiyasına qələbə bəxş edəcək və bununla da Vigen Sarkisyan parlament üsul-idarəsinin ilk baş naziri olacaq. “Jamanak”ın yazdığına görə, Viqen Sarkisyanın baş nazirliyi cəmi 1 il çəkəcək. Daha sonra hakim Respublika Partiyası müxtəlif mitinqlər, nümayişlər keçirərək Serj Sarkisyanın ölkənin başına keçməsinə yalvaracaq. Nəticədə, 9 aprel 2018-ci il tarixdə Viqen Sarkisyan istefa verəcək və prezidentlik müddəti başa çatmış Serj Sarkisyan baş nazir kürsüsünə oturacaq.
Yəni hər şey Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” əsərinin qəhrəmanı Yusif Sərracın üç günlük hakimiyyətə gəlməsi kimi cərəyan edəcək. Viqen Sarkisyan Serj Sarkisyanın ən sadiq adamlarındandır və müdafiə naziri olana qədər uzun illər prezident aparatına rəhbərlik edib. Sarkisyanın onu müdafiə naziri təyin etməsi də boş yerdən deyil. Ermənistanda hakimiyyəti ələ keçirmiş Qarabağ klanının daxili mafiya qaydalarına görə ölkəyə rəhbərlik edəcək şəxs mütləq müdafiə naziri də işləməlidir.
VOİCEPRESS.AZ