O, Qarabağ döyüşləri zamanı son reportajını hazırlamaq üçün Şuşaya yollanarkən ermənilərin hücumuna tuş gəlib
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist – Salatın Əsgərovanın ölümündən 26 il ötür.
VOİCEPRESS xəbər verir ki, Salatın Əsgərova 1991-ci il yanvarın 9-u, Birinci Qarabağ müharibəsinin qızğın dövründə növbəti reportajını hazırlamaq üçün Şuşaya yollanarkən Laçın – Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin qəfil hücumu nəticəsində şəhid olub. Onun getdiyi maşın mühasirəyə düşüb, daha sonra isə yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Bakıya istedadlı jurnalistin növbəti reportajı yox, cənazəsi gəlib çıxıb.
Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. O, “Molodoy Azerbaydyana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-da Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilərin pusqusuna düşüb və qətlə yetirilib.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.
Şuşanın kəndlərindən birinə onun adı verilib.
Salatın Əsgərovaya Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.
Allah rəhmət eləsin!
VOİCEPRESS.AZ