Ukrayna rəsmi olaraq məsələyə münasibət bildirib
Bu gün Rusiya mediası ölkələrini Ukraynada keçiriləcək “Eurovision 2017” benəlxalq mahnı yarışmasında təmsil edəcək ifaçının adını açıqlayıb.
VOİCEPRESS xəbər verir ki, həmin şəxs “Qolos” yarışmasının qalibi Aleksandr Panayotovdur.
Məsələyə Rusiya İctimai telekanalı da münasibət bildirib və indidən təmsilçinin adının açıqlanmasının tez olduğunu bildirib:
“Bəli, Panayotov bu günə bir nömrəli namizəddir. Amma adların açıqlanmasına hələ 2 ay var. Biz indidən qərar verə bilmərik. Amma demək olar ki, təmsilçinin kim olacağı artıq məlumdur” – deyə Rusiyanın İctimai telekanalının musiqi şöbəsinin direktoru bildirib.
Adı hallanan ifaçı da hələ ki, heç bir məlumatın olmadığını bildirib.
Ukraynada anadan olan Panayotovun Rusiyanı təmsil etməsi isə birmənalı qarşılanmayıb. Sosial şəbəkədə istifadəçiləri Panayotovu Ukraynada görmək istəmədiklərini bildirib və hətta ifaçını təhdid edənlər də tapılıb.
Məsələyə Ukrayna Yuxarı radasının millət vəkili Anton Qaraşenko münasibət bildirib:
“Zaparojya doğumlu Aleksandr Panayotovun “Eurovision 2017″ mahnı müsabiqəsində çıxış etməsində heç bir problem yoxdur. Əlbəttə ki, əgər o, ictimaiyyət arasında Ukrayna əleyhinə şüarlarla çıxış etməyibsə… Panayotovun adı Ukraynada arzuolunmaz şəxlər siyahısında yoxdursa, o zaman çıxışında problem ola bilməz!”.
VOİCEPRESS.AZ