Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

11 Yanvar, 15:54

Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub.

Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar.

VOİCEPRESS newtimes.az-a istinadən xəbər verir ki, bu prosesin müsbət, yaxud mənfi nəticələr verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Ekspertlər hesab edirlər ki, hələlik kövrək olan Rusiya-Türkiyə-İran “üçlüyü”, eyni zamanda, Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər. Burada əməkdaşlıq formatının nüvəsində Rusiyanın dayandığına əmindirlər. Həmin səbəbdən “üçlüyü” Moskvanın geosiyasi addımı olaraq qiymətləndirirlər. Onun fonunda isə Vaşinqtonun baş verənlərə münasibətini təhlil edirlər. Bu aspektdə də müəyyən ziddiyyətlər özünü göstərməkdədir. Onların işığında Rusiya-Türkiyə-İran əməkdaşlığının perspektivi necə görünür? Bu, qlobal geosiyasətin dinamikasında hansı dəyişiklərə təkan verə bilər?

Yaxın Şərq kabusu: böyük dövlətlərin yeni manevrləri fonunda

Belə görünür ki, Yaxın Şərqdə böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoymaqdadır. Hər bir halda ekspertlər əmindirlər ki, artıq həmin regionda əvvəlki mənzərə mövcud deyil – qüvvələr nisbəti hiss ediləcək dərəcədə yeniləşib. Burada əsas təkanverici aktor rolunu Rusiyanın oynadığından yazırlar. Belə ki, Moskva Ankara və Tehranı bir araya gətirərək hələlik kövrək olan koalisiya formalaşdıra bilib. Doğrudur, burada əsas rolu Moskva və Ankaranın oynadığını deyirlər. Tehran yalnız Hələbdən insanların çıxarılması zamanı humanitar karvana hərbi müdaxilə ilə özünü Rusiya və Türkiyənin yanında qəbul etdirə bilib. Bununla bağlı Rusiyanın Din və Siyasət İnstitutunun prezidenti Aleksandr İqnatenko vurğulayıb: “Bu çox kövrək birliyin (Rusiya-Türkiyə-İran formulu nəzərdə tutulur – Newtimes.az) nüvəsi Rusiya və Türkiyədir. Onlar bütün Suriya böhranının həlli formulu ola biləcək üsulu Hələb böhranının həllində tapa bildilər…Ancaq Tehran Rusiya-Türkiyə planına mane olmaq üçün hər şeyi etdi – Hələbdən çıxarılan sünni qruplarını atəşə tutmağa qədər getdi. Bu aksiyalar və başqa tədbirlər nəticəsində İran Rusiya və Türkiyə “dueti”ndə iştirak etməyi məcburən qəbul etdirdi…” (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016).

Ekspertin fikirlərinin nə dərəcədə dəqiq olduğunu deyə bilmərik, lakin bizcə, İran əvvəlcədən Rusiya ilə birlikdə Suriya məsələsində kifayət qədər təsiredici addımlar atırdı. Buna görə də onun Ankara-Moskva “dueti”nin yanında olması yalnız Hələb məsələsi ilə məhdudlaşa bilməz. Burada daha maraqlı olanı bir sıra ekspertlərin daim İslamda təriqət məsələsini vacib siyasi faktor kimi təqdim etməyə çalışmasıdır. Bu səbəbdən Türkiyə-İran münasibətlərini dini məzhəb münasibətləri çərçivəsinə salmaq çox təhlükəlidir. Hesab etmirik ki, regionun iki güclü dövləti bunu anlamasın. O cümlədən Suriya istiqamətində Ankara və Tehranın daha geniş prinsiplər üzrə əməkdaşlıq etdiklərinə şübhə etmirik. Məsələnin digər aspekti Qərbin, daha çox Amerikanın Rusiya-Türkiyə-İran koalisiyasına verdiyi reaksiya ilə bağlıdır.

Artıq bununla bağlı rəsmi münasibət vardır. Ekspertlər də müəyyən fikirlər ifadə edirlər. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, Rusiya ordusunun Suriyadakı fəaliyyəti onu göstərmir ki, Amerika ordusu dünyada aparıcı mövqeyini itirib. Əksinə, ABŞ dünya tarixində ən güclü hərbi sistemə malikdir. Buna görə də Amerikanın Yaxın Şərqdə liderliyi əldən verməsi haqqında deyilənlər əsasızdır (bax: Госдеп оспорил высказывание Путина о превосходстве российской армии / “Ведомости”, 23 dekabr 2016).

Bununla yanaşı, C.Kirbi onu da qeyd edib ki, Moskvadakı danışıqlar Amerikanı kənara itələmək anlamına gəlmir. Bu, Suriyada sülhə nail olmağa yönəlmiş çoxsaylı cəhdlərdən biridir. Əgər həmin təşəbbüs müsbət nəticə verərsə, bu, Amerika tərəfini sevindirər. Buna görə də Vaşinqton “üzünü yana çevirmir” və alınan müsbət nəticələri dəstəkləyəcək (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016).

Eyni zamanda, C.Kirbi Vaşinqtonun Suriya ilə bağlı fəaliyyətini davam etdirdiyinə də işarə verib. O xüsusi qeyd edib ki, Moskvadakı diskussiyalarda iştirak etməsələr də amerikan diplomatiyası daha geniş miqyaslı təşəbbüslərin müəllifi olaraq fəaliyyətini davam etdirir. Məsələn, “dövlət katibi Con Kerri Ər-Riyadda müzakirələr aparıb” (bax: əvvəlki mənbəyə). Məsələnin bu tərəfi C.Kerrinin bir fikri kontekstində daha çox maraq doğurur. C.Kirbinin dediyinə görə, “Kerri telefonda Lavrov və Türkiyə xarici işlər naziri ilə danışıb və yeni təşəbbüsün uğurlu olacağına bədbin münasibət göstərdiyini ifadə edib” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / “Regnum”, 22 dekabr 2016).

Ziddiyyətlər və əməkdaşlıq potensialı: Qərbin reaksiyası müstəvisində baxış

Sonuncu fikirləri əvvəlkilərlə müqayisə edəndə ABŞ dövlət katibinin mövqeyində müəyyən ziddiyyətin olduğu aydınlaşır. Çünki bir tərəfdən o, Suriya ilə bağlı istənilən təşəbbüsü dəstəklədiklərini bildirir, digər tərəfdən isə Hələbdə atəşkəsə nail olmuş bir əməkdaşlıq formatına bəri başdan bədbin münasibətini göstərir. Belə çıxır ki, Amerika alternativ addımlar atmaqda maraqlıdır. C.Kerrinin Ər-Riyadda danışıqlar aparması bu aspektdə hansı rolu oynaya bilər?

Əvvəlcə ekspertlərin bir fikrinə nəzər salaq. Onların bəziləri hesab edirlər ki, Türkiyə-Rusiya-İran koalisiyasına Səudiyyə Ərəbistanı və Qətər qısqanclıqla yanaşırlar. Hesab edirlər ki, sünnilərin hüquqları pozulur. Bu səbəbdən də Ər-Riyadla Doha ayrıca hərbi güc hazırlayırlar. Onlar “əl-Qaidə”nin oxşarını yaratmağa başlayıblar. Aleksandr İqnatenko bu məsələ ilə bağlı deyib: “Suriya qruplaşmalarının nəzarət etdiyi ərazilərdə sünni kvazidövləti yaradılır ki, artıq orada “əl-Qaidə”nin yeni variantının meydana gəldiyi haqqında anonslar verirlər” (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016).

Maraqlıdır ki, Donald Tramp da artıq Suriyadan tez-tez danışır. “The New York Times”ın yazdığına görə, Pensilvaniyadakı mitinqdə ABŞ-ın yeni prezidenti deyib ki, Suriyada vəziyyət çox kədərlidir və “insanlara kömək etmək lazımdır” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / “Regnum”, 22 dekabr 2016). D.Tramp sözlərinə davam edərək, Suriyada “təhlükəsizlik zonaları” yaratmaq üçün Körfəz ölkələrindən maliyyə vəsaiti alacağını da dilə gətirib, ancaq onu necə təmin etməkdən danışmayıb. Lakin Hələbdə baş verənlərdən sonra Vaşinqtonun həmin ideyadan vaz keçdiyini söyləyirlər. Həm də D.Tramp rəsmən prezident kürsüsünə qalxana qədər Rusiyanın vəziyyəti daha çox dəyişəcəyindən bəhs edirlər ki, bununla da Vaşinqton gecikə bilər.

Bu məqamları da nəzərə alanda Səudiyyə Ərəbistanında dövlət katibinin müzakirələr aparmasından Rusiya-Türkiyə-İran koalisiyasına bir alternativin hazırlandığı nəticəsini çıxara bilərik. Bu isə birmənalı olaraq regionda geosiyasi-hərbi vəziyyəti daha da ağırlaşdıracaq və faktiki olaraq iki səviyyədə ziddiyyətlər meydana gətirəcək.

Birincisi, Yaxın Şərqin böyük dövlətləri arasında ixtilaflar yeni səviyyəyə yüksələcək. O cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran arasında intriqalar daha aktiv fazaya keçə bilər. Bunun fonunda məzhəb qarşıdurmasında əvvəllər müşahidə edilməyən konflikt çalarları özünü göstərər. Məsələn, sünni dövlətlər arasında belə “yeni əl-Qaidə”” vasitəsilə münaqişələr yaranar. Bundan kimlərin qazandığı gün kimi aydındır.

İkincisi, ABŞ-Rusiya-Avropa-Çin geosiyasi xəttində gərginlik yüksələ bilər. Bu isə qlobal miqyasda hərbi ilə yanaşı, iqtisadi və maliyyə sferalarında da növbəti böhranları meydana atar. Faktiki olaraq dünya növbəti “soyuq müharibə” girdabına düşər. Bu prosesin ümumbəşəri fəlakətlərə aparıb çıxara biləcəyi hər kəsə məlumdur. Onda yuxarıda vurğulanan geosiyasi məqsədli koalisiyaların yaranması arxasında nələr dayanır? Ümumiyyətlə, belə cəhdlərə ehtiyac varmı?

Doğrusu, bu kimi suallara cavab verməyi siyasətçilər xoşlamırlar. Bəşəriyyətin taleyi baxımından isə kimin nəyi xoşlaması arqument ola bilməz. Aydın olanı budur ki, hələ də böyük dövlətlər korporativ maraqlardan çıxış edirlər. Bu cür oyunların həmişə bir sonu olur. İndiki halda bunun növbəti dünya müharibəsi ilə nəticələnməməsini arzulardıq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here