“Reina” terrorçusundan yeni etiraf – “İçərinin videosu Rakkadan göndərilib”

19 Yanvar, 09:02

“Hücum edəcəyim qətiləşəndən sonra Rakkada əlaqə qurduğum əmir “Reina”nın içərisindən görüntü göndərdi. Bu görüntüləri təkrar-təkrar izlədim, sonra hücuma başladım”.

VOİCEPRESS xəbər verir ki, istipress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu yeni il gecəsi bir azərbaycanlının da daxil olduğu 39 nəfəri qətlə yetirən terrorçu Abdulqadir Maşaripov ifadəsində deyib.
“Reina” gecə klubunda bayramı qeyd edənləri qətlə yetirən terrorçu Maşaripov basqını necə reallaşdırdığını danışıb. O, gecə klubunun qapısında təhlükəsizlik tədbirlərinin az olduğunu gördüyünü deyib. “Bura uyğun idi. Amma içəri ilə bağlı məlumatım yox idi. Mənə təlimat verən şəxsə zəng etdim. Görüntülərdə içərinin planını yaxşı-yaxşı əzbərlədim. Sonra silahımı alıb qayıtdım və hücuma keçdim”.

İndi polis terrorçunun izlədiyi görüntü və onun mənbəyini müəyyən etməyə çalışır. Amma gecə klubundakı görüntülərin “Reina”nın internet saytı və ya sosial şəbəkələrdən götürülə biləcəyini istisna edilmir. Terrorçu və onunla yaxalananların sorğusu isə davam edir.

Qeyd edək ki, terrorçu qətliamdan sonra 4 yaşlı oğlu ilə qaçıb. Maşaripovun yaxalandığı gün azyaşlının onun yanında olduğu deyilsə də sonradan bu məlumat təkzib edilib. Polis uşağın yerini müəyyən etməyə çalışır.

Onunla birgə yaxalanan qadınlar – seneqallı Dina A. (27 yaş) ilə somalili Ayşa M.in (27) “Reina” qətliamını törədən terroçuya “mükafat” kimi göndərilə biləcəyi iddia edilir.
Qətliamdan 16 gün sonra yaxalanan terrorçu daha öncəki ifadəsində hədəfinin Taksim meydanı olduğunu demişdi. O, hətta adıçəkilən meydandan videogörüntülərini də internetə yükləyib. Bu görüntülərin də kəşşfiyyat məqsədi ilə çəkildiyi deyilir. “Taksimə getdim. Amma təhlükəsizlik tədbirləri çox idi. Mənə təlimat verən şəxslə yenidən təmasa keçdim. Bölgədə yeni hədəf axtarmağımı istədi. Sahildə taksi ilə dövrə vurdum. “Reina” uyğun idi. Rakkadakı şəxsdən soruşdum. O da qəbul etdi”.
Terrorçu ilə bağlı araşdırmalar isə davam edir. Məlumata görə, o Özbəkistandakı Fərqanə universitetinin fizika fakültəsini bitirib. Dörd dil bilən özbəkistanlı ikinci təhsilini isə kömpüter bilikləri üzrə alıb. Ali təhsildən sonra o “Əl Qaidə” terror təşkilatına qoşulub. Bir müddət sonra isə fikir ayrılığı yaşayaraq İŞİD-a keçib.
Məlumata görə, terrorçuların yerini telefon zəngi ilə müəyyən etmək mümkün olub. Terrorla mübarizə idarəsinin xüsusi təyinatlıları qapını qıraraq terrorçular olan evə giriblər. Bu zaman 39 nəfərin qatili olan Maşaripov yatağın altına girərək “vurmayın” deyə qışqırıb və polisə müqavimət göstərib. Maşaripovun saxlanması zamanı onun hətta qorxudan altını batırdığı da qeyd edilir.

A.Maşaripov yanvar ayının 1-də onlarla insanın əylədiyi gecə klubuna daxil olaraq qarşına çıxanları güllələyib. Daha sonra isə qarışıqlıqdan istifadə edərək hadisə yerindən qaçıb. Ölənlər arasında azərbaycanalı qadın da olub.

Özbək əsilli terrorçunun Türkiyəyə ailəsi ilə birlikdə ötən ilin əvəllərində gəldiyi müəyyən edilib. Bir neçə ay Konyada yaşayan ailə dekabrda İstanbula köçüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here