İranlılar Trampa etiraz edir: “Biz terrorçu deyilik”

29 Yanvar, 14:59

Ağ Evin İran vətəndaşlarına viza verilməsini müvəqqəti dayandırması iranlıları məyus edir.

ABŞ-ın yeni prezidenti Donald Trampın hələ seçki kampaniyası dövründə söz verdiyi bu qadağa 2015-ci ildə Tehranın ABŞ və dünyanın digər güclü dövlətləri ilə imzaladığı nüvə sazişini təhlükə altına alır. Trampın özü həmin sazişə yenidən baxmağa söz verib. Həm ABŞ-da, həm də İranda mühafizəkarlar Birləşmiş Əhatəli Fəaliyyət Planı adlanan bu sazişə qarşıdırlar.

VOİCEPRESS azadliq.org-a istinadən xəbər verir ki, bəzi İran mənşəli amerikalılar ABŞ prinsiplərinə qarşı çıxan iranlılara immiqrasiya qadağası qoyulmasına çağıranlar arasında idilər. Hazırda Nyu Yorkda yaşayan, bir vaxtlar İranda siyasi məhbus olmuş keçmiş tələbə fəal Mehdi Ərəbşahi Trampın İran vətəndaşlarına, ən azı, 30 günlük viza qadağası qoyması barədə xəbərlərə cavab olaraq soruşub ki, bu qadağa “Oscar” mükafatı laureatı olan iranlı kinorejissor Əsgər Fərhadiyə də şamil ediləcəkmi. Fərhadi bu həftə özünün “Səyyar satıcı” (“The Salesman”) filminə görə ikinci dəfə “Oscar” mükafatına namizəd göstərilib.
İranda yaşayan, sözügedən filmdə baş qadın rolunu ifa edən aktrisa Təranə Əlidosti “Twitter”də ABŞ-ın bu qadağasını “irqçi” adlandırıb. O, etiraz əlaməti olaraq “Oscar” mərasiminə qatılmayacağını bildirib. Los Ancelesdə yaşayan yazıçı və incəsənət kuratoru, Brown Universitetinin keçmiş professoru Şiva Balaghi də bu addımı tənqid edib.
16 yaşlı tehranlı tələbə Əli gələcəkdə Amerikada universitet dərəcəsi almaq istəyir. “İranlıların niyə hədəfə alındığını anlamıram. Biz terrorçu deyilik, İrandan bircə nəfər də terrorçu çıxmayıb”, – Əli AzadlıqRadiosuna (RFE/RL) deyib.

ABŞ rəsmiləri İranı 1996-cı ildə Səudiyyə Ərəbistanındakı Xobar Qüllələrini bombalayan terrorçu qrupu dəstəkləməkdə ittiham edib. Bu hücum zamanı 19 ABŞ hərbçisi həyatını itirmişdi. Bundan başqa, ABŞ İran əsilli bir amerikalını Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qəsd planındakı roluna görə 25 illik həbs edib.
Argentina hökuməti İranı 1994-cü ildə Buenos Ayresdəki yəhudi mərkəzinə hücumda ittiham edir. Hücumda 85 nəfər həlak olmuş, 300-dən çox adam yaralanmışdı. Tehran bu ittihamları rədd edir.
İranlı Əli ümid edir ki, Trump öz qərarını dəyişəcək:”Mənim arzum daha yaxşı gələcəyim olsun deyə Amerikada oxumaqdır. Ümid edirəm, bu qadağa arzumun sonu demək olmayacaq”.

İslam inqilabından sonra İranla diplomatik münasibətlərini kəsən Vaşinqton İrandakı diplomatik maraqlarını İsveçrə hökumətinə həvalə edib. Onsuz da, bunun nəticəsində ABŞ vizası almaq istəyən İran vətəndaşları müsahibə və hazır sənədlərini götürmək üçün üçüncü ölkəyə getməli olurdular.
“Bu ayrıseçkilikdir. İranlılar belə münasibətə layiq görülmək üçün nə ediblər axı? Biz elə hey eşidirik ki, iranlılar ABŞ-da ən uğurlu mühacirlərdəndirlər. O zaman bu qadağanın səbəbi nədir?” – deyə tehranlı evdar qadın Hengameh soruşur.
“Rejimi hədəfə almaqdansa, Tramp xalqı cəzalandırır”, – deyə bir oxucu Radio Farda-nın “Facebook” səhifəsindəki şərhində yazıb.”ABŞ-ın İran xalqı ilə problemi olmadığını iddia edənlər, buyurun, baxın”, – başqa bir oxucu yazıb. “Bu və oxşar qanunların qəbulu yalnız İran xalqına ziyan vuracaq. Amerikaya hökumət səviyyəsində səfərlərə heç bir təsiri olmayacaq”, – başqa bir şərhdə deyilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here