“Azərbaycan Ordusu da əvvəlki ordu deyil. Erməni silahlı birləşmələrinin yenidən ərazi işğal etməsi qeyri-mümkündür.”
Bu sözləri VOİCEPRESS-ə Milli Məclisin deputatı Rafael Cəbrayılov deyib. O, bildirib ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da mətbuata bildirib ki 250 ailə könüllü olaraq Cocuq Mərcanlıya köçmək barədə müraciət edib. İlkin olaraq 50 ailənin köçürülməsi nəzərdə tutulub:
“Həmin şəxslərin bu addımı vətənpərvərlik nümunəsidir. Bu milli cəsarətin nümayişidir. Bəzi insanlarımız pessimist mövqe tutaraq deyirdilər ki, işğal altında olan torpaqlarımız azad olunandan sonra ora heç kim qayıtmayacaq. Amma bu hal göstərdi ki, qaçqın və məcburi köçkün soydaşlarımız xalqımızın vətənpərvər bir hissəsidir. Onlar öz ata-baba torpaqlarına köçməyə, habelə Ali Baş Komandanın əmri olarsa erməni ilə əlbəyaxa döyüşə də hazırdırlar. Bu kənd dövlət hesabına yenidən qurulacaq və orada məskunlaşacaq insanlar yeni tikilmiş müasir evlərlə təmin olunacaqlar. Bildiyiniz kimi, bu məqsədlə ölkə başçısı İlham Əliyev cənabları tərəfindən ilkin olaraq 4 milyon manat maliyyə vəsaiti ayrılmışdır. Düşünürəm ki, qısa müddət ərzində həmin kənd bərpa ediləcək və soydaşlarımızın həmin kəndə köçürülməsi həyata keçiriləcəkdir”.
Rafael müəllim onu da qeyd edib ki, “Cocuq Mərcanlı kəndinin qoşunların təmas xəttinə yaxın olmasına baxmayaraq, kəndin yenidən işğal altına düşməsi təhlükəsi yoxdur. Keçən ilin aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun mövqeləri işğaldan azad olunmuş strateji yüksəkliklərdədir ki, bu da çox geniş ərazini nəzarət altında saxlamağa imkan verir. Digər tərəfdən də artıq zaman dəyişib. Azərbaycan Ordusu da əvvəlki ordu deyil. Erməni silahlı birləşmələrinin yenidən ərazi işğal etməsi qeyri-mümkündür. Sizi əmin edirəm ki, İşğal altında olan bütün torpaqlarımızın işğaldan azad olunacağı və soydaşlarımızın total şəkildə həmin ərazilərə köçürüləcəyi günü görəcəyik! “
Aysel İsgəndərova
VOİCEPRESS.AZ