Rafael Cәbrayılov: ” NATO lәğv olunmalıdı”

25 Yanvar, 17:13

VOİCEPRESS xəbər verir ki, Milli Məclisin deputatı, hüquqşünas Rafael Cəbrayılov lent.az-a açıqlamasında bildirib ki, NATO-nun (Şimali Atlantika Bloku Təşkilati) mövcudluğu davam etsə də dünyada baş verən hadisələrdə heç də mütərəqqi rol oynamır: “Əvvəllər sosialist düşərgəsinə qarşı mübarizə aparan NATO bu gün ABŞ-ın əlində müxtəlif geosiyasi maraqları təmin etmək üçün istifadə etdiyi hərbi-siyasi vasitədir. NATO-nun hərbi-maliyyə resurslarının demək olar ki, əsas hissəsinin ABŞ-a aid olmasını nəzərə alsaq mübahisə üçün yer qalmaz”.

NATO-nun ləğv edilməli olduğunu vurğulayan millət vəkilinin sözlərinə görə, əsas beynəlxalq təşkilat olan BMT-nin fəaliyyətində dönüşə nail olunmalı, BMT-də ciddi islahatlar aparılmalı, onun Təhlükəsizlik Şurasında qərarların qəbul olunmasında demokratikliyə nail olunmalı və qərarların icrası mexanizmləri işlənib hazırlanmalıdır: “ Təhlükəsizlik Şurasının qərarlarının icra edilməməsi və ya icrasının uzun illər süründürülməsi kimi bədnam təcrübəyə son qoyulmalıdır. Əslində BMT-nin və onun Təhlükəsizlik Şurasının görməli olduğu bir işi NATO-nun görməsi mümkünsüzdür. BMT-nin Təhlükəsizlik Şurasının qərarı olmadan ABŞ qoşunlarının başqa dövlətin ərazisinə soxularaq onu zəbt etməsi, siyasi hakimiyyət dəyişikliyi həyata keçirməsi kimi hallara son qoyulmalıdır. D. Tramp bu fikri söyləyəndə də düşünürəm ki, NATO-nun əsasən ABŞ büdcəsi hesabına maliyyələşməsini, habelə NATO-nun fəaliyyətinin dünyada beynəlxalq ədalətin bərpasına deyil, üzv dövlətlərin mənafelərinin nəyin bahasına olursa olsun təmin edilməsinə yönəldiyini nəzərə alıb”.

R.Cəbrayılov bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə əhəmiyyət vermədən, BMT-nin Təhlükəsizlik Şurasının iradəsini nəzərə almadan NATO-nun üzvü olan dövlətlərin mənafelərinin güc tətbiq etməklə təmin edilməsi yolverilməzdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here