Agentliklərimizdə yayılan bu xəbərə biganə qalmamalıyıq. Özəlliklə qardaş Özbəkistandakı Azərbaycan diasporu, bu ölkə ilə çalışan qurumlarımız Şuxrat Salamova dəstək olmalı, erməni lobbisi və Ermənistanın ona qarşı çirkin təbliğatına, məqsədlərinə çatmalarına imkan verməməlidir.
VOİCEPRESS axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bildirib. O, hər kəsi görkəmli özbək alimi Şuxrat Salamovu müdafiə etməyə çağırıb:
“Ölkəmizin Özbəkistandakı səfiri Şuxrat bəyin “Qarabağ: ideyalar müharibəsi” və “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitabını mənə hədiyyə etmişdi. Oxudum. Erməni yalanlarını Özbəkistan cəmiyyətinə çatdırmaqda ən tutarlı kitabdır. Buna qədər bir Özbəkistan türkünün erməni yalanları ilə bağlı belə kitabına rast gəlməmişdim. Görünür, erməni diasporu, lobbisi və Ermənistan Özbəkistan cəmiyyəti arasında həqiqətlərin geniş yayılmasından bərk narahat olub və ona qarşı çirkin əməllərə əl atmağa başlayıblar. Bununla başqalarına da mesaj vermək istəyirlər ki, kim belə bir mövqe ortaya qoysa, ona qarşı da bu cür addımlar atacağıq. Şuxrat bəyi müdafiə etmək hamımızın borcumuzdur. Özbəkistanda və dünyanın hər yerində yaşayan özbək türkləri qardaşlarımıza, dostlara da səslənərək, gəlin, ermənilərin Şuxrat bəyə qarşı çirkin əməllərinin məqsədlərinə çatmasına imkan verməyək. Gəlin, Şuxrat bəyə daha çox dəstək olaq”.
Qeyd edək ki, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli mətbuata verdiyi açıqlamada Özbəkistanın Baş Prokurorluğunun Ermənistan hakimiyyəti və Özbəkistandakı erməni icmasının təzyiq ilə məşhur özbək alimi, tədqiqatçısı Şuxrat Salamov barəsində cinayət işi qaldırmaq niyyətində olduğunu açıqlayıb. O, Şuxrat Salamovun “Qarabağ: ideyalar müharibəsi” və “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarında erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə hansı vəhşilikləri törətməsini ortaya qoyması, Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini müdafiə etməsinə görə təzyiqlərə məruz qaldığını bildirib.
VOİCEPRESS.AZ