İpək Yolunun yaxınlığında yerləşən ölkələr də bu imkandan faydalana bilər.
VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 19-da Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bugünkü vəziyyət bizim doğru addım atdığımızı göstərir. Çünki indi biz bu çatışmayan seqmentin tamamlanmasına çox yaxınıq. Eyni zamanda, bu, Çinin “Bir kəmər – bir yol” baxışı ilə də üst-üstə düşür. Bizim Çin ilə əlaqələrimiz var və artıq İpək Yolu test rejimində fəaliyyət göstərir. Keçən il ilk konteyner test qatarı Çindən yola düşərək, Mərkəzi Asiyadan, Xəzər regionundan, Azərbaycan, Gürcüstan və Avropadan keçərək gəlmişdir. Biz bu yolun təchizatçılar üçün necə cəlbedici olması üzərində çalışırıq. Eyni zamanda, qeyd etdiyim kimi, bu layihə təkcə investisiyalar və nəqliyyat infrastrukturundan ibarət deyil, – baxmayaraq ki, bunlar çox önəmlidir, – bu layihə həm də qarşılıqlı bağlılıq yaradır. Qarşılıqlı bağlılıq isə dostluğu gücləndirir. İpək Yolu üzərində yerləşən bütün ölkələrin bir-biri ilə yaxşı işçi münasibətləri olduğuna görə biz çox xoşbəxtik. Lakin bu qarşılıqlı bağlılıq bunu daha da gücləndirəcək. Bu, müxtəlif ölkələr – müxtəlif siyasi gündəliyi, mədəniyyəti, dini, tarixi olan ölkələr arasında çox nadir olan əməkdaşlıq formasını təmin edəcək və hesab edirəm ki, bu, dünyanın yeni bir modelidir. Çünki biz Azərbaycanda mədəniyyətlərarası dialoq məsələsinə çoxlu investisiya yatırırıq. Məsələn, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan olunmuşdu, bu il isə “İslam Həmrəyliyi İli” elan olunub”.
İlham Əliyev əlavə edib: “Biz eyni zamanda Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan çox azsaylı ölkələrdənik. Biz Avropa və Asiya arasında yerləşirik. Bu coğrafi yerləşmə, tarixi irsimiz və siyasi gündəliyimiz həmin layihəni ərsəyə gətirmək üçün bizə çox kömək edir. Əlbəttə ki, biz bu layihəyə aid istənilən təşəbbüslərə dəstək verəcəyik. Biz bu istiqamətə daha çox yükdaşımalarını cəlb etmək üçün tərəfdaş ölkələrlə ikitərəfli formatda işləyirik. Təkcə birbaşa İpək Yolu üzərində yerləşən ölkələr yox, həm də bu yolun yaxınlığında yerləşən ölkələr bu imkandan faydalana bilər”.
VOİCEPRESS.AZ