Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri

11 Yanvar, 15:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.

VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına “Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verildi.

Bildirildi ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Şahbuz şəhərinə, Kiçikoba və Daylaqlı kəndlərinə su şəbəkəsi, Şahbuz şəhərinə kanalizasiya şəbəkəsi çəkilib və ev birləşmələri aparılıb. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr su təmizləmə gücünə malikdir. Hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər isə Türkiyə istehsalıdır.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxdı.

Su anbarlarından təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Anbarlardan Şahbuz şəhərinə qədər diametri 315 və 280 millimetr olan 2,7 kilometr uzunluğunda plastik boru xətti quraşdırılıb. Layihə ərazisində diametri 280 millimetrdən 63 millimetrədək borularla 64,3 kilometr içməli su xətti çəkilib. Su şəbəkəsində 31 yanğın hidrantı və 4 təzyiqazaldıcı inşa olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2-5 bar arasında təzyiqlə su verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin ediləcək. Bundan başqa, əhaliyə verilən su ekoloji cəhətdən də yararlı və təmizdir. Bu su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

Bildirildi ki, Şahbuz şəhərində diametri 400 millimetrdən 200 millimetrə qədər borularla 40,1 kilometr kanalizasiya xətti çəkilib.

Dövlətimizin başçısı Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı sisteminin istifadəyə verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

14:25

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışında iştirak edib.

VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Məlumat verildi ki, burada əsgər yataqxanası, Əsgəri-Məişət Kompleksi inşa olunub, sıra meydanı, idman sahəsi yaradılıb, abadlıq-quruculuq işləri aparılıb.

Dövlətimizin başçısı əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu. 900 yerlik yataqxanada əsgərlərin istirahəti üçün hərtərəfli şərait var. Üçmərtəbəli bina müasir səviyyədə yaradılıb. Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var. Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir.

Məlumat verildi ki, hərbi hissədə hamam kompleksi də yaradılıb. Ümumi sahəsi 272 kvadratmetr olan bu kompleksdən 1 saat ərzində 172 hərbçi istifadə edə bilər. Hərbi hissədəki Əsgəri-Məişət Kompleksinin ümumi sahəsi 6172 kvadratmetrdir. Binada poçt xidmətləri üçün otaq, mağaza və çay evi də hərbi qulluqçuların ixtiyarına veriləcək.

Kompleksdə 1000 yerlik 2, 500 yerlik 1 və 250 yerlik 2 yemək salonu var. Ümumilikdə, burada eyni vaxtda 3000 hərbçi qidalana bilər.

Prezident İlham Əliyev burada qida məhsullarına baxdı, aşpazlarla söhbət etdi və onlarla xatirə şəkli çəkdirdi.

Kompleksin anbarları da müasir səviyyədə qurulub. Burada ərzaq və əşya anbarları var. Anbarlar müasir soyuducu kameralar və digər zəruri avadanlıqla təchiz edilib. Kompleksdə camaşırxana, dərzi otağı və qazanxana da mövcuddur. Bu hərbi hissədə yaradılan şərait bir daha göstərir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər maddi-texniki bazası daha da gücləndirilən Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq dünyanın ən qüdrətli ordularından biri kimi tanınır.

Sonra dövlətimizin başçısı silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış oldu.

Bu gün Azərbaycan Ordusu ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunub. Silahlı qüvvələrimizin balansında olan bu müasir texnika bir çox özəllikləri ilə seçilir. Bunların vasitəsilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu gün Azərbaycan Ordusunun balansı dünyanın aparıcı ölkələrinin istehsalı olan silah-sursatla genişlənir. Bundan başqa, son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar yaradır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.

13:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 11-də xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here