“Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi hesabına icra edilir.
VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Prezident “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icra edildiyini bildirib: “Mən tam açıq deyə bilərəm – əgər Azərbaycan yenə də bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, heç vaxt bu layihə icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı 10-a yaxın beynəlxalq konfransda, təbdirdə iştirak etmişəm. Bu tədbirlərdə, əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Mən konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret – nə kimi işlər görülməlidir. Biz qərar qəbul etdik ki, biz özümüz öz gücümüzə, dost qonşu ölkələrlə birlikdə bunu edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular. Əlbəttə ki, bu da məqbul bir haldır, biz bunu alqışlayırıq”.
Dövlət başçısı bildirib ki, əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır:
“Ancaq yenə də onu demək istəyirəm ki, yalnız Azərbaycanın liderliyi hesabına “Cənub Qaz Dəhlizi” icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, keçən ilin fevralında Bakıda “Cənub Qaz Dəhlizi”nin II Məşvərət Şurasının yekun sənədində bu göstərilir. Azərbaycan liderdir və burada əsas rolu oynayır”.
VOİCEPRESS.AZ