“Manat əgər, hələ 2 il öncədən – 2015-ci ilin əvvəlindən sərbəst buraxılsa idi, Mərkəzi Bankımızın rəsmi valyuta ehtiyatları yenə əriyəcəkdi…”
VOİCEPRESS xəbər verir ki, bu sözləri iqtisadçi-ekspert Pərviz Heydərov öz Facebook səhifəsində paylaşıb.
O, qeyd edib ki, son günlər yeni müzakirə və mübahisə mövzusu ortaya çıxıb ki, Mərkəzi Bank (AMB) tərəfindən cari ilin yanvarın 12-dən etibarən valyuta hərraclarının yeni formatda keçirilməsindən, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanın ləğvindən sonra manat “tam üzən məzənnə” rejiminə keçib, ya yox… Bu gün qeyd olunan mövzuya dair AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev öz sözləriylə tam aydınlıq gətirərək söyləyib ki, artıq, manatın məzənnəsini banklar müəyyən edir. Bu isə o deməkdir ki, məzənnə tam liberal əsasda formalaşır. Bəs, əslində vəziyyət necədir?! Manatın dəyəri həqiqətənmi tam sərbəst buraxılmışdır?!
Azərbaycan şəraitində bir sıra proseslərin özünəməxsus xarakter daşıdığını nəzərə aldıqda, o cümlədən iqtisadiyyatımızda mövcud olan bir sıra xüsusiyyətlər fonunda manatın dəyərinin əslində, 2015-ci ilin dekabrın 21-i tarixdən – ikinci devalvasiyadan sonra sərbəst buraxıldığını deyə bilərik. Sadəcə olaraq, AMB tərəfindən keçirilən hərracların mexanizmində bir bəsitlik var idi ki, bu da birdən-birə deyil, getdikcə təkmilləşdirilə bilərdi. Bundan əlavə, sözsüz ki, kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marja da ciddi məhdudiyyətlər yaradırdı ki, bunu da birdən-birə ləğv etmək olmazdı. Yəni, bütün bunlar üçün vaxt tələb olunurdu.
Təəssüf ki, bunu bəzi “iqtisadçı-ekspertlər” başa düşmürlər. Belə ki, Rusiyanı, Qazaxıstanı, Ukraynanı misal gətirən bu nəzəriyyəçi iqtisadçı “mütəxəssislər” Azərbaycanda milli pul vahidinin dəyərinin xeyli əvvəldən, hətta 2014-cü ilin yayından neftin qiyməti düşməyə başlamasından bir az sonra dərhal buraxılmalı olduğu fikrini irəli sürürlər. Və AMB-nin 11 milyard dollardan çox ehtiyatını itirdiyini tez-tez misal gətirərək, öz qərəzli və savadsız mülahizələrini içtimaiyyətin beyninə yeritməyə çalışırlar. Halbuki, AMB-nin valyuta ehtiyatlarının göstərilən həcmdə əriməsi ilə manatın dəyərinin “vaxtında” sərbəst buraxılmaması arasında heç bir ciddi əlaqə yoxdur və ola da bilməzdi. Yəni ki, manat əgər, hələ 2 il öncədən – 2015-ci ilin əvvəlindən sərbəst buraxılsa idi, Mərkəzi Bankımızın rəsmi valyuta ehtiyatları yenə əriyəcəkdi… Bunu elə həmin “iqtisadçı-ekspertlərin” misal çəkdikləri Rusiya, Qazaxıstan və Ukraynanın da təcrübələri sübut edir. Neftin qiyməti enməyə başlandıqdan sonra demək olar, bütün ölkələrin valyuta ehtiyatları ərimişdir. Və bunların əksəriyyəti valyuta bazarları sərbəst tənzimlənən, o cümlədən kəskin devalvasiyaya gedən ölkələr olub.
Qeyd edirlər ki, şimal qonşumuzda hökumət çox ağıllı iş görərək, 2014-cü ilin noyabrından rublun məzənnəsini sərbəst buraxdı və gərək, biz də o cür edərdik… Bu cür məntiqsiz fikir irəli sürənlərdən soruşmaq istəyirəm ki, Rusiya 2015-ci il ərzində öz valyuta ehtiyatlarından az vəsait itirdimi?! Konkret statistika gətirib oxuyucuları yormaq istəmirəm. Lakin, bir cəhəti qeyd etmək istəyirəm ki, adları çəkilən ölkələrin iqtisadiyyatları ilə Azərbaycan iqtisadiyyatını müqayisə etmək özü sadəcə olaraq, “axmaqlıqdır”. Əgər, bizdə də hökumət və AMB milli valyutanın məzənnəsini ilk gündən sərbəst buraxsaydı, indiyədək sonuncu adı çəkilənin valyuta ehtiyatları tamamilı tükənməklə yanaşı, Neft Fondunun da vəsaitlərindən yarıdan çox xərcləmişdik.
Odur ki, Azərbaycanda hökumət manatın məzənnəsini əvvəl idarəolunan, hazırda isə valyuta hərraclarının keçirilməsi mexanizmini yavaş-yavaş təkmilləşdirmək, sonda isə kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı da ləğv etmək yolu ilə tam sərbəst tənzimlənən rejimə keçməklə əslində, valyuta ehtiyatlarımızı bacardıqca qorumaq siyasəti yürütmüşdür. Və buna əhəmiyyətli dərəcədə nail olmuşdur.
AMB İdarə Heyəti sədrinin müavini A. Babayev qeyd edib ki, manatın orta çəkili məzənnəsi həm hərracda, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatlar nəticəsində müəyyən olunur. Və həmin məzənnə də rəsmi məzənnə kimi elan olunur – inzibati yolla təyin edilmir. Yəni ki, manatın orta çəkili məzənnəsinə təkcə hərracdakı qiymət deyil, ondan kənar əməliyyatların nəticələri də təsir edir.
Sözün qısası, ölkəmizdə “tam üzən məzənnə” rejimi məhz bu mexanizmdən ibarətdir. Bundan artıq, tələb və təklif nisbəti üzrə müvafiq nəticələr gözləməyə dəyməz və bu, absurddur. AMB uzunmüddətli hazırlıqdan sonra bu mərhələyə gəlib çatmışdır ki, Azərbaycanda manat öz real məzzənəsini bundan sonra da məhz bu cür mexanizm çərçivəsində tapacaqdır.
O ki qaldı valyuta bazarı iştirakçılarına, başqa sözlə desəm, xarici valyuta – dollar təklifiylə yalnız Neft Fondunun çıxış etməsi məsələsinə, banklar iqtisadiyyatın real sektoruyla qarşılıqlı əlaqəyə nail olduqca və bu sahədə əməkdaşlıq bərpa olunduqca bu müstəvidə də müsbət dəyişikliklərin, yəni tədricən alternativ imkanların təşəkkül tapacağının şahidi ola biləcəyik…
Ancaq hazırda əsas fakt odur ki, manatın məzənnəsi üzrə son günlər ərzindəki dəyişikliklər tempi və dinamika onun arxasında hələki yalnız neft amilinin durmasına baxmayaraq, hər halda səbəst şəkildə üzə bildiyini göstərir.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ