Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirimi yeddinci ildönümü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin nümayişi keçirilir.
VOİCEPRESS xəbər verir ki, yanvarın 16-da Milli qəhrəmanlar Əlyar Əliyev haqqında rejissor Nizami Abbasın və Milli Qəhrəman Aqil Məmmədov haqqında rejissor Qurban Səlimovun “Məmmədov Aqil”, yanvarın 17-də Milli qəhrəman Ələsgər Novruzov haqqında rejissor Ramiz Hüseynovun “Qəhrəmanlığa gedən yol” və Milli Qəhrəman Şahlar Hüseynov haqqında rejissor Günel Aqifin “Oğul dərdi” adlı sənədli filmlər Bakı Ali Neft Məktəbinin tələbələrinə təqdim olunub.
Filmlərin nümayişdən qabaq və sonra tədbirdə iştirak edən filmlərin rejissorları və Milli Qəhrəmanların ailə üzvləri, sənədli lentlərin çəkilişi haqda danışıb, ailə üzvləri qəhrəmanlar haqda xatirələrini tamaşaçılarla bölüşüblər. Bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını qeyd ediblər.
Bakı Ali Neft məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Zakir filmərin tələbələr tərəfindən bəyənildiyini və nəzərdə tutulan digər filmlərin nümayişinə qatılacaqlarını bildirib.
Xatırladaq ki, Nizami Kino Mərkəzində sənədli filmlərin növbəti nümayişi yanvarın 19-da keçiriləcək.
VOİCEPRESS.AZ