Verilişin aparıcısının erməni milliyətindən olduğu məlum olub
Ötən gün Rusiyanın “Telekafe” televiziya kanalında “Sən gəlməz oldun” musiqisi fonunda lavaş, kətə, təndir çörəyi və Azərbaycan mətbəxinə məxsus digər nümunələr erməni mətbəxi kimi təqdim edilib. Həmin veriliş 2014-cü ildə hazırlanıb və ötən gün yenidən yayımlanıb. Verilişin aparıcısının da erməni milliyətindən olduğu məlum olub.
VOİCEPRESS xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxməmmədov bildirib ki, ermənilər zaman-zaman Azərbaycanın milli mətbəx və digər mədəniyyət nümunələri ilə bağlı iddialar səsləndirib, lakin həmişə uğursuzluğa düçar olublar:
“Ötən ilin 28 noyabr – 2 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin Efiopiyada keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən “İncə çörək hazırlama və paylaşma mədəniyyəti: Lavaş, qatırma, yupka, yufka” UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu baxımdan ermənilərin iddiaları tamamilə əsassızdır və eyni zamanda “Telekafe” kanalında yayımlanan həmin proqramın 2 il bundan qabaq hazırlandığını nəzərə alsaq, ermənilərin bu iddiaları aradan qalxmış olur. Azərbaycanın zəngin mətbəxi var və bu mətbəx nümunələri Mədəniyyət və Turizm Nazirliyi, digər dövlət qurumları, o cümlədən Azərbaycanın peşəkar aşpazları tərəfindən ölkə xaricində mütəmadi təbliğ olunur”.
“Sən gəlməz oldun” musiqisinə gəlincə isə, V.Şıxməmmədov bildirib ki, bu, dünyada kifayət qədər məşhur olan və beynəlxalq tədbirlərdə səslənən bir musiqidir: “Musiqinin müəllifinin Azərbaycanın tanınmış bəstəkarı Ələkbər Tağıyev olmasına dair heç bir şübhə yoxdur. Yəni hər kəs musiqinin kimə aid olduğunu bilir”.
VOİCEPRESS.AZ