Naxçıvan idmançıları beynəlxalq yarışlarda və Azərbaycan birinciliklərində 100-dən çox medal qazanıblar

16 Yanvar, 20:04

Ötən il muxtar respublikada müxtəlif beynəlxalq və ölkə səviyyəli idman yarışları keçirilib, idmançılarımız nüfuzlu yarışların mükafatçıları sırasında yer alıblar.

Naxçıvan idmançıları dünya çempionatlarında 1, Avropa çempionatlarında 5, beynəlxalq turnirlərdə 63, Azərbaycan birinciliklərində 39 medal olmaqla, ümumilikdə, 108 medal qazanıblar.

VOİCEPRESS xəbər verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində keçirilən kollegiya iclasında gənclər və idman naziri Azad Cabbarov deyib.

Hesabat məruzəsi ilə çıxış edən nazir qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər və idman siyasəti bu gün muxtar respublikada da uğurla reallaşdırılır.

Bildirilib ki, 2016-cı ildə nazirlik gənclər və idman sahəsində 361 tədbir keçirib. Muxtar respublikada idman infrastrukturunun yenilənməsi tədbirləri çərçivəsində 2016-cı ildə Şərur rayonunun Mahmudkənd, Aşağı Yaycı və Arbatan, Culfa rayonunun Bənəniyar kəndlərində stadionlar yenidən qurularaq gənclərin istifadəsinə verilib. Bu gün Naxçıvan Muxtar Respublikasında 40 minə yaxın yeniyetmə və gənc idmanla məşğul olur.

Nazirliyin Kütləvi Bədən Tərbiyəsi və İdman Şöbəsinin müdiri Taleh İbrahimov, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli, Kəngərli Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüsal Hüseynov və Şərur Rayon Olimpiya İdman Kompleksinin direktoru Rza Camalov məruzə ətrafında çıxış ediblər.

Sonra nazirliyin 2017-ci il üzrə tədbirlər planı müzakirə olunaraq qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov iclasa yekun vuraraq bildirib ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə qarşıya mühüm vəzifələr qoyulub. Nazirlik idman federasiyaları ilə birgə qarşıya qoyulan tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsi sahəsində tədbirlərin səviyyəsini daha da yüksəldəcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here