Formula 1-in kubokları dəyişdiriləcək

11 Yanvar, 16:06

2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisinin qaliblərinə veriləcək kubokların dizaynı dəyişdiriləcək və ötənilki kubokdan fərqlənəcək.

VOİCEPRESS xəbər verir ki, bunu trend-ə eksklüziv olaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, yarışın bütün, yəni dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) dizaynında dəyişikliklər ediləcək.

Dəyişikliklərin detallarının hələ məlum olmadığını deyən N.Arpadarai əlavə edib ki, hazırda kubokların dizaynı üzərində iş aparılır: “Martda kubokun dizayn işləri başa çatacaq”.

Qeyd edək ki, ötən il kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladırdı. Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilmişdi. Burada su özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir.

Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundamentin ön üzündə Formula 1-in loqosu əks olunur. Bununla yanaşı, fundamentin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub. Kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here