Əzizağa Qənizadə: Azərbaycan Ordusu cəbhə xəttində kifayət qədər üstünlüyə malikdir

16 Yanvar, 20:46

Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirib erməniləri qaçmağa məcbur edərək həm işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, həm də düşmənin döyüş ruhunu sarsıtdı.

Bununla da Azərbaycan xalqı torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağını bir daha dünyaya bəyan etməklə yanaşı, sübut etdi ki, ərazilərimizin hərb yolu ilə azad etməyə tam qadirdir.

VOİCEPRESS xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib.

Ə.Qənizadə bildirib ki, aprel döyüşlərindən bir müddət sonra aldığı şokdan qismən özünə gələn erməni silahlı birləşmələri yenidən mütəmadi olaraq, atəşkəs rejimini pozmağa davam edir. Bununla onlar öz xalqının və dünya ictimaiyyətinin rəyini dəyişdirməyə çalışır, sübut etmək istəyirlər ki, guya orduları hansısa gücə sahibdir.

Amma bu, heç də belə deyil. İşğalçılıq siyasəti yürütməkdə davam edən Ermənistanın ordusunun döyüş ruhu elə sarsıdılıb ki, hətta ölkənin bəzi deputatları da bu münaqişəyə yeni prizmadan yanaşılmasını parlamentdən tələb edirlər. Belə ki, vitse-spiker Ermine Naqdalyan Ermənistan parlamentində çıxışında etiraf etmişdi: “Hazırda nəzarətimizdə olan torpaqları nə zamansa azad etməli və oradan çəkilməliyik. Ya torpaqları qaytarmalıyıq, ya da qan töküb aldığımız torpaqları qanımızı töküb alacaqlar”.

Ermənistan ordusunun cəbhə xəttində iri çaplı ağır silahlardan da istifadə etməklə vəziyyəti yenidən gərginləşdirməsi, atəşkəs rejimini pozması, təxribatlar törətməsi ona gətirib çıxaracaq ki, Azərbaycan aprel döyüşlərinə bənzər addımlar atmaqla cavab tədbirləri görəcək. Ermənilər tam aydınlığı ilə dərk etməlidirlər ki, artıq onların təxribatları cavabsız qalmayacaq. Əksinə, ordumuzun cavab zərbələri daha sarsıdıcı olacaq. Bunun üçün ordumuz lazımi qədər gücə, qüdrətə sahibdir və Azərbaycan Ordusu cəbhə xəttində kifayət qədər üstünlüyə malikdir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here