“Rəqabət Məcəlləsinin qəbulunun gecikdirilməsi yolverilməz bir məsələdir”. Bunu VOİCEPRESS-ə açıqlamasında millət vəkili Əli Məsimli deputat həmkarı Vahid Əhmədovun “Bu gün Azərbaycanda monopoliya və inhisarçılıq baş alıb gedir” kimi fikrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan resessiyadan keçməklə iqtisadi inkişafın yeni mərhələsinə keçdiyi və qeyri-neft sektorunun hərtərfli inkişafı prioritetə çevrildiyi bir vəziyyətdə rəqabət məcəlləsinin qəbulu mütləqdir: “Əvvala, sizin dediyiniz həmin o, etirafı deputat həmkarım Vahid Əhmədov yox, ölkə iqtisadiyyatının hərtərəfli və səmərəli inkişafına ən böyük maneəyə çevrilmiş inhisarçılar etməlidir. Vahid Əhmədov isə etiraf yox, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında növbəti dəfə ürək yanğısı ilə çıxış edərək, inhisarların ölkəyə vurduğu ziyanı dilə gətirib və Rəqabət Məcəlləsinin qəbulunu sürətləndirlməsini vacib hesab edib. Azərbaycan resessiyadan keçməklə iqtisadiyyatın inkişafının yeni mərhələsinə keçdiyi və qeyri-neft sektorunun hərtərfli inkişafı prioritetə çevrildiyi bir vəziyyətdə Rəqabət Məcəlləsinin qəbulunun gecikdirilməsi yolverilməz bir məsələdir. Həmin iclasda biz də, Vahid müəllimin mövqeyini dəsdəkləyib bildirdik ki, düzdür, bazar iqtisadiyyatı inhisatçılıqla rəqabətin sintezindən ibarət olsa da, amma dünyada elə ölkə yoxdu ki, rəqabət üçün şərait yaratmadan sözün həqiqi mənasında yüksək səviyyədə hərtərəfli inkişaf edə bilsin. Çünki inhisarçılar öz mövqelərindən sui istifadə edərək, qanunvericiliklə yolverilməz vasitə və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədi ilə ayrı-ayrı fəaliyyət sahələrini, məhsul növlərinin idxal-ixracını və bazarların xeyli hissəsini nəzarətə alıb azad rəqabəti boğmaqla inkişafımızın tormozlayıcı amilinə çevriliblər. Son vaxtlar inhisarçılığın zəiflədilməsi istiqamətində müəyyən addımlar atılsa da, bu, hələlik ölkədə inhisarçılığın aradan qaldırıldığını deməyə əsas vermir. İnhisarçılar rəqabəti boğmaqla eyni zamanda həm də, iqtisadiyyatın şaxələnməsinə, elmi-texniki tərəqqinin inkişafına, əmək məhsuldarlığının yüksəlməsinə, məhsulun keyyfiyyətinin yüksəlməsinə, onun rəqabət qabiliyyətinin artmasına mənfi təsir göstərirlər. İnhisarçılıq həm də, qiymətin süni surətdə artırılmasına və məhsulun tələb və təklifin təsiri altında yaranan bazar qiymətləri ilə deyil, inhisar qiyməti ilə satılmasına, istehsal həcminin azaldılmasına səbəb olur. Bütün bunlarla yanaşı, inhisarçılıq hər şeyi xaricdən gətinib birə-üç (bəzən də birə-beş) qiymətə satmaq prinsipini öndə saxladığından, iqtisadiyyatımızın qeyri-neft sektorunun potensial imkanlarımıza layiq səviyyədə inkişafının, şaxələnməsinin ləngidilməsi ilə ölkəyə sarsıdıcı zərbə vururlar. Bu həm də, istehsalla məşğul olan kiçik və orta sahibkarlığın da inkişafına mane olur, hətta ciddi zərbə vurur.
Bütün bu neqativlərin qarşısını almaqdan ötrü dövlətin işlək mexanizmli və təsirli anti-inhisar siyasəti olmalıdır. Dövlətin antiinhisar siyasəti çoxşaxəli və uzunmüddətli bir proses olduğundan, antiinhisar və rəqabətə meydan vermə siyasəti müasir tələblərə cavab verən qanunvericilik aktları ilə möhkəmləndirilməlidir. Ona görə də, biz Rəqabət Məcəlləsinin qəbulunun sürətləndirilməsini, işlək mexanizm hazırlayıb həyata keçirilməsini, Azərbaycanda inhisarçılığın sındırılmasının və rəqabətin inkişafınin mühüm şərti hesab edirik”.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ