Ekspert: “Bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil”.

30 Yanvar, 20:59

“Rayonlarımız demək olar, yenə mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdədir”.

“Ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir”.

Bu sözləri VOİCEPRESS– ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. O bildirib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçımızın çıxışında diqqəti çəkən əsas cəhətlər bunlardır:
“Birincisi, indiyədək, yəni ki, 2004-cü ildən bəri regionların inkişafı sahəsində çox işlər görülüb. Və bu işlər əsas etibarı ilə əlverişli investisiya mühiti yaratmaq, iqtisadi artıma nail olmaq, sahibkarlıq fəaliyyətinin genişlənməsini təmin etmək, məhsulldarlığa çatmaq üçün bilavasitə zəruri və tələb olunan infrastrukturun yaradılmasından ibarət olub. Sözügedən infrastruktura isə yerlərdə abadlıq-quruculuq işlərinin aparılması nəticəsində əldə olunan nəticələr, 2004-cü ildən bəri sayca 26 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın, yəni yerlərdə mavi yanacaqla təminatın 51 %-dən 92 %-ə çatdırılması, son 12 il ərzində təxminən 11 min kilometr avtomobil yolunun salınması, kənd təsərrüfatı sahəsində suvarma işlərini təmin etmək məqsədilə ən müasir sayca 4 su anbaranın yaradılması və sair daxildir.
İkincisi, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən çox böyük məbləğdə – 2 milyard manat maliyyə dəstəyi həyata keçirilib. Belə ki, 2004-cü ildən indiyədək ölkədə sahibkarlara göstərilən məbləğdə güzəştli şərtlərlə kreditlər verilib. Bu da bütövlükdə iqtisadiyyata dəstək sayılır. Və ən böyük müsbət nəticə isə artıq, məhz ondan ibarətdir ki, növbəti kreditlərin verilməsi prosesi əvvəl verilənlərin geri qayıtması hesabına maliyyələşdirilir. Yəni ki, bir növ iqtisadiyyatın tam olmasa da, bir hissəsinin özü-özünü maliyyələşdirməsi mexanizmi işə düşüb.
Üçüncüsü isə, 2014-cü ilin yayından bəri neftin qiymətinin 3-4 dəfəyədək ucuzlaşmasına baxmayaraq, hökumət çox da böyük itkilər verməmiş və qarşısına qoyduğu müxtəlif proqram və məqsədləri inamla davam etdirə bilir. Yeri gəlmişkən, mən bu haqda öz şərhlərimdə də qeyd etmişəm ki, bəli, bu, bir həqiqətdir ki, 2016-cı il əvvəlcədən də gözlənildiyi kimi, çətin il oldu. Çünki 2015-ci ildə birincisi 34 %, ikincisi isə 47% səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya baş verdi, Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları aşağı düşdü. Manatın dəyəri cari ilin əvvəlinədək 125 % ucuzlaşdı, buna müvafiq olaraq istehlak qiymətləri yüksəldi – 12,4% civarında inflyasiya qeydə alındı, iqtisadi artım tənəzülə uğradı.
Lakin, büdcə və özəl strukturlarda hələ hissolunacaq səviyyədə ixtisarlar baş verməyib, maaşların və pensiyaların ödənişlərində yubanmalar yaranmayıb, bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi və kütləvi problem və sair yaranmayıb…
Üstəlik, Prezident İlham Əliyev də konfransda qeyd etdiyi kimi, Neft Fondunun ehtiyatlarını qoruyub saxlaya bilmişik… Belə ki, AMB-nin rəsmi valyuta ehtiyatları 11 milyarddan çox əriyibsə də, neft dollarları ilə olan ehtiyatlarımız qalır… Və hətta böhranla əlaqədar, ondan dövlət büdcəsinə ənənəvi tranfert 2015-ci ildə də və keçən il də qənaət edilməklə həyata keçirildi…
Sözün qısası, vəziyyət bütün növ qlobal iqtisadi təzyiqlərə rəğmən, qənaətbəxşdir… Bəs, regionların daha keyfiyyətli inkişafı və yerlərin ümumi iqtisadi artımımızda payını yüksəltmək üçün nə etmək lazımdır və bu sahədə qarşıda duran əsas vəzifələr nədən ibarətdir?!
Mənim fikrim belədir: bütün söylənilənlərə rəğmən, görüləsi işlər hələ çoxdur. Təkrar edirəm: indiyədək ölkədə regionların sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb. Və bütün bunlar dövlət tərəfindən müvafiq maliyyə vəsaitlərinin ayrılması hesabına həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı sayca 4 Dövlət proqramı qəbul olunub ki, bunların əsas məqsədi regionlarda qeyri-neft sektoruna aid sahələrin inkişafını təmin etmək, müvafiq infrastruktur obyektlər yaratmaq, istehsal, emal müəssisələri təşkil etmək, mövcud müəssisələrdə istehsalı genişləndirmək, həmçinin müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektləri yaratmaqdan ibarət olub.
Lakin bütün bunlara rəğmən, rayonlarımız demək olar, yenə mərkəzdən, yəni dövlət büdcəsindən asılı vəziyyətdədir. Və bu da ondan irəli gəlir ki, Azərbaycanın mövcud iqtisadi potensialından ən çox Bakı şəhərində istifadə edilir. Ölkə üzrə bütün iqtisadi fəaliyyət ancaq mərkəzdə həyata keçirilir. Yəni, dövlət gəlirlərimizin 80-90 % hissəsi məhz paytaxt ərazisindən təmin olunur. Regionlar üzrə gəlirlər heç 1 milyard manat təşkil etmir. Cari ilədək şəhər və rayonlarımızdan cəmi 6-sı öz xərclərini ödəyə bilirdi. Digərləri isə dotasiya hesabına yaşamaqdadırlar.
Odur ki, vəziyyətdən çıxmaq üçün bundan sonra ən çox kənd təsərrüfatını inkişaf etdirmək qayğısına qalmaq lazımdır. Belə ki, zavod və fabriklərin yaradılması öz yerində, lakin aqrar məhsulların istehsalı və tədarükü məsələsi bölgələrimizin iqtisadiyyatında əsas gəlir mənbəyini təşkil etməlidir.
Dövlət, sosial xarakterli infrastrukturun qayğısına qala bilər və qalmalıdır da… Yəni, xəstəxana və məktəb tikə və yaxud təmir edə bilər və etməlidir də… Ancaq bölgələr mərkəzi büdcə hesabına maliyyələşdirilməli deyil.
Ölkədə əmək qabiliyyətli əhalinin 40 %-ə yaxın hissəsi məhz aqrar istehsalla bağlı sahələrdə – regionlarda yerləşir. Hesab edirəm, buna görə də kənd təsərrüfatı məhsulları istehsalına münasibət dəyişməlidir. Yeni mexanizm yaradılmalı, kooperativ təsərrüfat üsullarından istifadə imkanları geniş tədbiq olunmalıdır.
Mən, şərhlərimdə də qeyd etmişəm: konkret olaraq sahibkarlığa dəstək, onun inkişafı təkcə malliyyədən asılı hesab edilməli deyil. Eyni zamanda, əlavə tədbirlər görülməlidir. Ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə, kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir. Belə ki, biz, nə vaxta qədər ki, bütün yanaşmalarda daha çox keyfiyyətə deyil, kəmiyyətə diqqət yetirəcəyik, ortalıqda quru statistik rəqəmlərdən savayı, əyani olaraq göstərməyə təəssüf ki, heç bir nəticə olmayacaq …”

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here