Deputatlar qış tətilini harda keçirirlər: “İstirahət üçün əvvəlki böyük imkanlar yoxdur”

0
313929

Milli Məclisin üzvləri dekabrın 30-dan etibarən qış tətilinə çıxıblar.

Tətil yanvarın 15-də başa çatacaq.

VOİCEPRESS xəbər verir ki, modern.az bir neçə millət vəkili ilə əlaqə saxlayıb, qış tətilini harada keçirdiklərini soruşub.

Aqil Abbas fürsətdən istifadə edib seçiciləri ilə də görüşəcəyini bildirib:
“Qış tətilimin əsas hissəsini Bakıda keçirmişəm. Amma fürsətdən istifadə edib Ağcabədidə və Füzulidəki seçicilərimlə görüşüb onların problemlərini müzakirə edəcəm”.

Fazil Mustafa tətilini ölkə daxilində keçirdiyini deyib:
“Qış tətilimin bir hissəsini Naxçıvanda keçirdim. Yas mərasimi ilə bağlı Naxçıvana getmişdim. Tətilin bir qismini də Bakıda keçirdim”.

Fərəc Quliyev qış tətilini Bakıda keçirdiyini bildirdi:
“Qış tətilimi partiyanın işləri ilə məşğul olmağa sərf etdim. Bu il heç bir yerə getmədim”.

Eldar Quliyev də qış tətilini Bakıda ailəsinin çevrəsində keçirdiyini söylədi:
” Keçmişdəki kimi böyük imkanlar yoxdur ki, qış tətilini gedib haradasa keçirək. Ona görə də elə Bakıda keçiririk”.

Zahid Oruc tətildə doğulduğu torpağa getdiyini deyir:
“İlk olaraq uzun müddətdir baş çəkə bilmədiyim doğulduğum torpağa getdim. Yaranan imkanlardan bu cür yararlanmaq istədim. Həmin yerin enerjisini, gənclik dövrümüzü xatırlamağa çalışdıq. Əlbəttə, bunlar çox önəmlidir. Kimsə düşünə bilər ki, Azərbaycan şəxsi nəqliyyat vasitəsi ilə ucu-bucağı 5 saata qət olunan bir coğrafiyadır, bu çox yanlış yanaşma olar. Hər yerin, əyalətin, bölgənin, kəndin öz xüsusiyyətləri var, onun suyu da, havası da ayrıdır. Bu halda insan öz energetik balansını bərpa etmək üçün belə vasitələrdən də istifadə etməlidir.
Tətil sözün real qanunvericilik hüquqi mənasında bizə düşmür. Çünki əgər mobil telefonun açıqdırsa, insanlar tərəfindən əlçatansansa, mütləq müxtəlif məsələlərlə bağlı müraciətlər olur. Media əhli ilə fəal kontaktlarımız var, belə olan təqdirdə biliyin, düşüncələrin, mütaliən daima işlək vəziyyətdə olmalıdır. İnformasiya axınlarını daim diqqətdə saxlamaq lazımdır. Buna görə də biz köklü bir şəkildə istirahətdən uzağıq. Bu cəhətdən yalnız yayda istirahət edə bilərik. Biz avropalı, klassik qurulmuş ölkələrdəki vəziyyətdən xeyli fərqli dincəlirik. Yəni əksər hallarda işimizi məhz bu dövrə həsr edirik”.

Vahid Əhmədov tətilini seçicilərinə həsr etdiyini bildirib:
“Qış tətilimi rayonda və Bakıda keçirmişəm. Tətilimi işlərimə həsr etmişəm. Rayona gedib seçicilərimi qəbul etmişəm, müəyyən problemlər var, onları həll etməyə çalışmışam. Elə indi də işləyirəm. Bu il qış tətili ərəfəsində Azərbaycandan kənara çıxmamışam”.

Daha bir neçə deputata zəng eləsək də onların ya telefonu bağlı olub, ya da zəngimizə cavab verilməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here