“Bu gün Cocuq Mərcanlıya qayıdırıqsa, deməli, sabah Şuşaya, Xankəndiyə qayıdacağıq” – Deputat

25 Yanvar, 16:06

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı Azərbaycan ictimaiyyətində, xüsusilə məcburi köçkünlərimizdə böyük ruh yüksəkliyinə səbəb olub.

VOİCEPRESS xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Elman Nəsirov qeyd edib ki, dövlətimizin başçısının bu qərarı aprel döyüşlərinin uğurlu nəticəsidir. Hamı bilir ki, aprel döyüşləri prezident, ali baş komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan tarixində çox şərəfli bir səhifədir. Aprel döyüşləri zamanı Azərbaycan Ordusu yüksək döyüş qabiliyyəti nümayiş etdirərək on minlərlə kvadratmetr torpaqlarımızı, o cümlədən strateji yüksəklikləri azad etdi və hazırda cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Milli Məclisin deputatı deyib: “Dövlətimizin başçısının bu sərəncamı ilə hər bir azərbaycanlıda inam daha da artdı ki, biz artıq torpaqlarımızı geri qaytarmağa başlamışıq. Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və prezidentin imzaladığı bu sərəncam onu göstərir ki, biz böyük bir yolun başlanğıcındayıq. Biz hədəflərimizi bilirik. Hədəflərimiz işğal altındakı bütün torpaqlarımızı geri qaytarmaqdır. Biz artıq bunu edirik və konkret nəticələrimiz göz qabağındadır. Bu gün cəmiyyətimiz böyük ruh yüksəkliyi ilə yaşayır. Cocuq Mərcanlıdan məcburi köçkün düşmüş 190-dan çox ailə öz doğma kəndlərinə köçmək arzusunda idi və dövlətimizin başçısı artıq onların bu arzusunu reallaşdırdı. Bu Sərəncamın həm də böyük bir rəmzi mənası var. Bu, o deməkdir ki, bu gün biz əgər Cocuq Mərcanlıya qayıdırıqsa, deməli sabah tamamilə Cəbrayıla, ondan sonra Füzuliyə, Ağdama, Kəlbəcərə və işğal altında olan digər ərazilərimizə qayıdacağıq. Cocuq Mərcanlıya qayıdış Şuşaya, Xankəndiyə qayıdışın başlanğıcıdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here