BP Trampın qorxusundan İrandan kənar durdu

4 Yanvar, 08:24

BP şirkəti ABŞ-da prezident seçilmiş Donald Trampın Tehrana münasibətdə sərt mövqeyini nəzərə alaraq sanksiyaların qaldırılmasından sonra bu ölkə ilə yeni əməkdaşlıq imkanından imtina edib.
Beləliklə də İranın neft yataqları indi onun iki Avropa rəqibinin Royal Dutch Shell və Total şirkətlərinin “ixtiyarında” qalır.

İran nüvə sazişinin imzalanmasının ardınca onun üzərindəki sanksiyalar qaldırıldıqdan dərhal sonra Qərbin Total və Shell də daxil neft-qaz nəhəngləri ilə yataqların inkişaf etdirilməsinə dair ilkin sazişlər imzalayıb.
Tehran 2017-ci ildə belə sazişlərin daha çox imzalanacağını elan edib.
Lakin 1908-ci ildə İranda ilk neft yatağını kəşf etmiş BP (o vaxtlar şirkətin adı Anglo-Persian Oil Company idi) ehtiyat edir ki, ABŞ-da prezident seçilmiş Donald Tramp Tehranla yeni diplomatik gərginliyin yaşanmasına səbəb ola bilər.
Xəbər verilir ki, BP qarşıdan gələn tenderlərə qatılmayacaq və yaxın gələcəkdə Shell və Total şirkətlərindən fərqli olaraq İranla ikitərəfli kontraktlar bağlamaq niyyətində deyildir.
VOİCEPRESS xəbər verir ki, “Financial Times” yazır ki, şirkətə yaxın mənbələr qərarın kommersiya mülahizələri ilə qəbul olunduğunu deyirlər.
Onlar bildiriblər ki, BP-nin başqa yerlərdə daha cəlbedici layihələri var.
Buna baxmayaraq sözü gedən şəxslər Donald Trampın Tehrana münasibətdə sərt mövqeyinin BP-ni bu əməkdaşlıqdan çəkindirən konkret faktorlardan biri olduğunu etiraf ediblər.
BP Britaniya şirkəti olsa da, o hər hansı başqa Avropa neft-qaz qrupundan ABŞ-la daha sıx bağlılığı ilə fərqlənir. Onun səhmdarlarının 40, baş icraçı direktoru Bob Dudley də daxil işçilərinin 30 faizi amerikalılardır.
İran sanksiyaları ABŞ vətəndaşlarının İranda bizneslə məşğul olmasını qadağan edir.
BP İrana investisiya yatırmaq üçün, cənab Dudley və başqa amerikalı əməkdaşları istisna edən ayrıca qurum yaratmalı olardı.
ABŞ-ın ExxonMobil və Chevron şirkətləri İrana investisiya yatırmaq təşəbbüsündən indiyədək kənar durublar.
BP İranla əlaqələrini qurmaq üçün bəzi əhəmiyyətli addımlar atmışdı. O Tehrandakı ofisini bərpa etmiş və ötən oktyabrda İranın bir tanker neftini almışdı. “Financial Times” qəzetinin mənbəyi olan şəxslər bütün bunların gələcəyi barədə şərh verməkdən imtina ediblər.
İran dünyada qaz ehtiyatlarına görə ikinci, neft yataqlarına görə isə dördüncü yeri tutur.
Tehran qarşıdan gələn 5 ildə 200 milyard dollar investisiya cəlb etməyi hədəf seçib.
Fransanın Total şirkəti noyabr ayında İranla onun Cənubi Pars qaz yataqlarının inkişaf etdirilməsinə dair saziş imzalayıb. Bu layihədə Çinin dövlət neft şirkəti də iştirak edəcək.
Britaniyada qeydiyyatdan keçmiş Shell şirkəti isə ötən ay Tehranla daha böyük saziş imzalayıb. Şirkət İranın cənub-qərbindəki Azadeqan və Yadavaran neft yataqlarında, habelə Körfəzdəki Kiş qaz yatağında geoloji-kəşfiyyat işləri aparacaq.
Tehranla neft və qaz kontraktları imzalamış başqa şirkətlər bunlardır: Gazprom, Rosneft və Lukoil (Rusiya), ONGC (Hindistan) və DNO (Norveç).
Tehran Barack Obama Ağ Evi tərk edənədək daha çox kontraktların imzalanmasına can atır.
Donald Tramp seçki kampaniyası zamanı İranla imzalanmış nüvə sazişini “cırıb atacağı” ilə hədələmişdi.
Burası da var ki, Tramp-ın dövlət katibliyinə namizədi Rex Tillerson ExxonMobil şirkətinin keçmiş rəhbəridir və ABŞ-ın gələcək İran siyasətini onun formalaşdıracağı düşünülür. Amma bundan əvvəl ABŞ Konqresi cənab Tillerson-un namizədliyini təsdir etməlidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here