“Biz son anadək əsgərlərin atəş açacağına inanmırdıq” – 20 yanvar xatirələri

20 Yanvar, 16:46

Biz son anadək əsgərlərin bizə atəş açacağına inanmırdıq.

VOİCEPRESS xəbər verir ki, bu barədə 1990-cı ilin 20 yanvar hadisələri barədə xatirələrini Day.Az-la bölüşən bəstəkar, əməkdar mədəniyyət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov danışıb.

Sərdar müəllimin sözlərinə görə, o, 27 il keçməsinə baxmayaraq, hər şeyi olduğu kimi xatırlayır: “Mən Sovet əsgərləri tərəfindən törədilən qətllərin şahidi olmuşam. Mən dəfn vaxtı şəhidlərimizin məzarı başında dayananlardan biri olmuşam. Mən hücuma keçən sovet ordusunun ilk güllələrinin necə atıldığını xatırlayıram. Parovozların, teploxodların və avtomobillərin necə etiraz siqnalları verdiyini xatırlayıram. Biz hamımız küçələrdə idik və son anadək də inanmırdıq ki, Böyük Vətən Müharibəsində çiyin-çiyinə döyüşdüyümüz və birlikdə qalib gəldiyimiz sovet ordusu bizə atəş açacaq”.

Hadisələrin şahidi deyir: “Silahlı insanlar və tanklar şəhərin dinc və silahsız insanlarına qarşı yönəldilmişdi. Çoxlu qurbanlar verdik. İndi biz 20 yanvarı təkcə qara gün kimi xatırlamırıq. Biz onu həm də insanların qəhrəmanlıq göstərdiyi, özünün və Qarabağın azadlığı uğrunda orduya qarşı cəsarətlə çıxdığı şərəfli gün kimi xatırlayırıq”.

“Məhz onların cəsurluğu Azərbaycanın müstəqillik əldə etməsinin bünövrəsini qoydu. Biz – müstəqil dövlətin vətəndaşları 20 Yanvar şəhidlərinə minnətdarıq və onları hər zaman xatırlayacağıq. Bu gün biz bir olan xalqıq və Vətənizimin suverenliyinin müdafiəsi uğrunda şəhidlərimiz kimi qorxmadan gücümüzü göstərməyə hazırıq”, – deyə Fərəcov əlavə edib.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here