Azərbaycanda gələn ildən yeni peşə məktəbi fəaliyyət göstərəcək.
VOİCEPRESS xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən trend-ə verilən məlumata görə, Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılacaq.
Bu məqsədlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı Komissiya yaradılıb. Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulu 2017/2018-ci tədris ilində aparılacaq. Məktəbə mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadıçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq.
Müəssisə və təşkilatlar peşə məktəblərinin idarə olunmasına cəlb ediləcək
Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması, peşə təhsili və təlimi müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli araşdırılması və optimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanması tədbirləri çərçivəsində aparılan sorğu və araşdırmalar yolu ilə əldə edilən məlumatlara əsasən, 2017-2018-ci illərdə Təhsil Nazirliyi bazarda tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrları hazırlaya biləcək pilot peşə təhsili müəssisələrini seçəcək. Seçilmiş pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün müvafiq hallarda onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi həyata keçiriləcək. Pilot peşə təhsili müəssisələrinin infrastrukturunun qurulması zamanı əlilliyi olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin sərbəst hərəkət imkanlarının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
VOİCEPRESS.AZ