Azərbaycan və Ukrayna arasında sosial siyasət sahəsində əməkdaşlıq proqramı imzalanıb.
VOİCEPRESS xəbər verir ki, sənədi Azərbaycan tərəfindən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Ukrayna tərəfindən isə ölkənin sosial siyasət naziri Andrey Reva imzalayıblar.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə təcrübəsini öyrənmək, bu və digər aidiyyəti sahələrdə təcrübə mübadilələri aparmaq və gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmək üçün Ukraynanın sosial siyasət naziri A.Revanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.
Səfərin ilk günü Ukrayna nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanına gələn Ukrayna nümayəndə heyəti Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nümayəndə heyəti ilə görüş olub. Görüşdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko da iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafından bəhs edib, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayıb. S.Müslümov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan makroiqtisadi inkişaf dinamikası barədə nümayəndə heyətinə məlumat verib: “Ötən 13 il ərzində ümumi daxili məhsulun üç dəfədən çox artdığı Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 75 faizinə malikdir. Dünya Bankının “Doing Business” hesabatında 65-ci yerdə olan ölkəmiz Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında daha 3 pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə yüksəlib və bu sahədə MDB məkanında yenə də birincidir. Ötən il dünyada iqtisadi böhran səbəbindən maliyyə çətinlikləri yaşanmasına rəğmən, ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə, daxili sərmayələr də əlavə olunmaqla 11,7 milyard dollar investisiya yatırılıb. Ümumilikdə adambaşına düşən sərmayələrin həcmi baxımından Azərbaycan dünyada ilk yerlərdən birini tutur”.
S.Müslümov diqqətə çatdırıb ki, məqsədyönlü islahatların məntiqi nəticəsi kimi, respublikada postenerji dövrünə uyğun şəkildə iqtisadiyyatın şaxələndirilməsi qlobal maliyyə-iqtisadi böhranın hökm sürdüyü şəraitdə də iqtisadi uğurları davam etdirməyə şərait yaradıb: “Neftin qiymətinin 3-4 dəfə aşağı düşdüyü 2016-cı ildə Azərbaycanda sosial-iqtisadi sabitliyə, qeyri-neft sektorunda 5 faiz, o cümlədən kənd təsərrüfatında 2,6 faiz artıma, 100 mindən çox iş yerinin yaradılmasına nail olunub. Ölkə iqtisadiyyatında payı 70 faizə çatan qeyri-neft sektorunun inkişafı əmək bazarında da müsbət meylləri şərtləndirir. Bu gün muzdla çalışanların 98 faizi bu sektorda cəmləşib. Ümumilikdə, ölkə iqtisadiyyatı sosialyönümlü olmaqla, məşğulluq amilinə xüsusi önəm verilir. Misal üçün, 2006-cı illə müqayisədə 2017-ci ilin əvvəlinə ölkədə iqtisadi fəal əhaliı 13,8 faiz artdığı halda, məşğul əhalinin sayında 15,2 faiz artım qeydə alınıb”.
S.Müslümov dövlətin davamlı dəstəyi sayəsində özəl sektorun genişlənməsinin bu sektorun məşğulluqda 75 faiz paya malik olmasına, kənd təsərrüfatı sahələrinin inkişafının məşğulluq səviyyəsinin əhəmiyyətli yüksəlməsinə imkan yaratdığını qeyd edib. Nazir əmək bazarında tələblə təklifin tənzimlənməsi yönündə aktiv məşğulluq tədbirləri, işsiz və işaxtaran vətəndaşların ailə bizneslərinin qurulması üçün icra olunan özünüməşğulluq proqramı, işsizlikdən sığorta sisteminin qurulması üçün aparılan işlər, əhali artımına uyğun olaraq hazırlanmış yeni uzunmüddətli Məşğulluq Strategiyası barədə məlumat verib. Ölkədə aparılan siyasətin sosialyönümlü olduğunu vurğulayan S.Müslümov mövcud iqtisadi şəraitdə dövlət büdcəsinin cari il üçün 40,3 faizinin sosialyönümlü xərclər üçün nəzərdə tutulmasının bunun əyani təzühürü olduğunu bildirib: “Ölkəmizin sosial təminat sistemi 2,5 milyon insanı əhatə edir. Həmin insanlara yönələn sosial ödənişlərdə, eləcə də əmək haqlarında mütəmadi artım dinamikası özünü göstərir. Elə bu günlərdə dövlət başçısı tərəfindən ölkədə minumum əmək haqqının artırılmasını və pensiyalarda növbəti artımın edilməsini nəzərdə tutan müvafiq sərəncamlar imzalanıb”.
Nazir son illərdə ölkəmizin əmək və sosial müdafiə sistemində elektron texnologiyaların geniş tətbiqi nəticəsində yaradılmış avtomatlaşdırılmış idarəetmə və xidmət sistemlərindən bəhs edib. S.Müslümov yaradılmış bu sistemlərin müasir dövrün mütərəqqi təcrübələri kimi BMT-nin rəsmi portalında yerləşdirilərək dünyada təbliğ edildiyini diqqətə çatdırıb: “Bu sistemlər bizim öz təşəbbüsümüz əsasında, Azərbaycanın öz mütəxəssisləri tərəfindən və mükəmməl proqram təminatları üzərində qurulub. Hazırda ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanın bu sahədə təcrübəsini öyrənməyə böyük maraq göstərilir və bununla bağlı nazirliyə müraciətlər daxil olur”.
Azərbaycanda müasir sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyini bildirən S.Müslümov qeyd edib ki, bu sistemin tərkib hissəsi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslər arasında ölkəmizdə işləyən 565 nəfər Ukrayna vətəndaşı da var.
S.Müslümov hələ 1990-cı illərin ortalarından pensiya təminatı sahəsində Ukrayna ilə əməkdaşlıq sənədinin imzalandığını qeyd edib: “Sonrakı dövrdə də hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət məcburi şəxsi sığortası, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq, Azərbaycanda müvəqqəti işləyən Ukrayna və Ukraynada müvəqqəti işləyən Azərbaycan vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi ilə bağlı Sazişlər imzalanıb. Əməkdaşlıq əlaqələri peşə hazırlığı işinin təkmilləşdirilməsi üçün modul proqramlarının hazırlanması, əməyin mühafizəsi sahələrini də əhatə edib. Eyni zamanda, ötən dövrdə əlilliyi olan insanların bərpa-müalicəsi sahəsində Ukrayna ilə fəal əməkdaşlıq təcrübəsi vardır. Hesab edirəm ki, iki ölkə arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün qarşıdakı dövrdə də məqsədyönlü işlər aparılacaqdır”.
A.Reva Azərbaycanla Ukraynanın ikitərəfli münasibətlərinin inkişaf etdiyini, bu amilin əmək və sosial müdafiə sahələrində əlaqələrin daha da genişlənməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb. O, aidiyyəti sahələrdə mövcud olan əməkdaşlıq təcrübəsindən bəhs edib, təcrübə, informasiya və mütəxəssislər mübadiləsinin həyata keçirildiyini qeyd edib. A.Reva Azərbaycanın əmək və sosial müdafiə sistemində elektron sistemlərin, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyat sisteminin uğurlu təcrübə kimi onlarda da maraq doğurduğunu diqqətə çatdırıb. Ukraynalı nazir ümumilikdə son illərdə hər iki nazirliyin fəaliyyət sahələrində müasir və səmərəli iş mexanizmlərinin tətbiqi ilə bağlı müsbət yeniliklərin olduğunu, gələcək əməkdaşlıqda bu istiqamətdə də təcrübə mübadilələrinə diqqət yetirilməsinin önəmini diqqətə çatdırıb.
Sonra nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqavilələrinin elektron qeydiyyatı sisteminə, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə və avtomatlaşdırılmış pensiya təminatı sisteminə dair təqdimatlar edilib, onların sualları cavablandırılıb.
Görüşün yekunu olaraq S.Müslümov və A.Reva tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukrayna Respublikasının Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı” imzalanıb.
Proqram əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin, dövlət məşğulluq xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, işsizlik sığortası sisteminin tətbiqi, əmək münasibətləri, əməyin mühafizəsi, peşə standartlarının hazırlanması və təsdiqi qaydası, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, sosial xidmətlərin göstərilməsi və bu sahədə könüllü fəaliyyət, ahıl şəxslər üçün stasionar xidmət modelinin yaradılması sahələrində təcrübə mübadilələrini nəzərdə tutulur. Sənəddə təcrübə mübadilələri üçün həmçinin pensiya sisteminin qüvvədə olan mexanizmi, məcburi dövlət sosial sığorta sisteminin fəaliyyəti, sosial sığorta sisteminin idarə edilməsi və onun islahat istiqamətləri, əhaliyə sosial dəstək üzrə qüvvədə olan proqramlar və sistemlər, əlilliyi olan şəxslərin reabilitasiyası, protez-ortopedik vasitələrin istehsalı və s. sahələr müəyyən edilib.
Əməkdaşlıq Proqramının imzalanmasından sonra S.Müslümov və A.Reva jurnalistlərin suallarını cavablandırıblar.
VOİCEPRESS.AZ