Aydın Mirzəzadə: “İşğaldan azad olunmuş kəndlərlə bağlı növbəti sərəncam gözlənilir”

27 Yanvar, 16:51

“Cənab prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə bağlı növbəti sərəncam verməsi gözləniləndir”.

VOİCEPRESS xəbər verir ki, bu barədə Bakıpost.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, hər iki sərəncam dövlətin məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşması üçün atılan addımlardır: “Cənab prezident vaxtaşırı məcburi köçkünlər və qaçqınların sosial vəziyyətinin yaxşılaşması, onların problemlərinin həlli ilə bağlı müvafiq sənədlər imzalayır. Vaxtilə İlham Əliyev bildirirdi ki, bir dənə də olsun qaçqın çadır səhərciyi qalmayacaq, biz nə zamansa onlar üçün rahat mənzillər tikəcəyik, biz işğaldan azad olunmuş yerlərə qayıdacağıq. Bunların hər biri cəmiyyətin gözü qarşısında baş verib. Son iki sərəncamı isə xüsusilə diqqəti cəlb edir. İlk dəfədir ki, işğaldan azad olunan yaşayış məntəqəsi bərpa edilir. Bunun üçün də dövlət böyük vəsait ayırıb. Baxmayaraq ki, ilk olaraq cəmi 50 ev tikiləcək. Artıq icra hakimiyyətinə həmin kəndən olan 190 ailə müraciət edərək, geri qayıtmaq istədiklərini bildirib. Tamamilə gözləniləndi ki, cənab prezident həmin kəndlə bağlı növbəti sərəncamlar versin. Tək bu kəndlə yox, digər işğaldan azad olunan kəndlərlə də bağlı belə bərpa sərəncamların olması gözlənilir. Bu Ermənistana və dünyaya mesajdır. Bu torpaqlarımızın işğaldan azad etmə əzmimizi, bunu həyata keçirmək üçün resurslarımızın kifayət etdiyini göstərir. Həmçinin bu cəmiyyətə dövlətin vətəndaşın problemləri ilə ciddi şəkildə məşğul olduğunun göstəricisidir.

Hər bir məcburi köçkünə aylıq maddi yardımın verilməsi isə yeni bir formatın tətbiqidir. Əvvəllər hər bir nəfərə 20 manat çörək pulu, kommunal xərclərin ödənilməsi isə müvafiq qurumların xətti ilə həyata keçirilirdi. İndi isə ailə üzvünün hər birinə 36 manat ödənilməklə qaçqının bu vəsaitdən sərbəst istifadə etməsinə şərait yardır. Əlbəttə ki, bu da dövlətin məcburi köçkünlərin sosial vəziyyətinin daha da yaxşılaşması üçün atdığı addımlardanır”.

Aydın Mirzəzadə bildirib ki, dövlətin iqtisadi qüdrəti artdıqca, maddi resurslarımız çoxaldıqca bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün növbəti və daha da diqqəti cəlb edən addımlar atılacaq.

Deputat qeyd edib ki, Cocuq Mərcanlı kəndinin baş palanı işlənəcək və hər bir geri qayıdan ailəyə torpaq sahəsinin ayrılması da nəzərdə tutulur: “Hazırda təhlükəsiz yerdə yerləşən kəndin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi prosesi gedir. Ondan sonra kommunikasiya – yol, elektrik enerjisi, qaz, su və işıq xətləri çəkiləcək. Şübhəsiz ki, buna kimi kəndin baş planı işlənəcək. Həmin baş planda sadəcə olaraq yaşayış evlərinin yeri göstərilməyəcək. Həmçinin kəndə geri qayıdan hər ailəyə torpaq sahəsi veriləcək.

Kəndə məktəb, yerli icra strukturlarına binalar tikiləcək. Gələcəkdə kənddə xəstəxana, mədəniyyət evi, kitabxana, gənclər binasının da tikilməsi gözlənilir.
Hələ ki, 50 evin tikilməsi birinci mərhələdir. Gələcəkdə həmin kəndin daha da genişləndirilməsi bağlı yeni sərəncamların verilməsi gözləniləndir.
Fərmandan sonra ilk gün 190 ailə müraciət edibsə, bu o deməkdir ki, həmin kənd daha da genişlənəcək. Hər bir geri qayıdan ailə gələcəkdə təsərrüfatla məşğul olmaqla bizim ərzaq bazarımızı daha da zənginləşdirəcək. Bu, hər bir adam üçün həm mənzil şəraitinin yaxşılaşması, həm də onun üçün yeni bir iş yerinin yaradılmasıdır. Məktəbdə müəllimlər, tibb məntəqələrində isə tibb işçiləri və həkimlər işə götürüləcək. Kəndə təsərrüfat məhsulların saxlanması üçün böyük soyuducunun qurulması da mümkündür.

Bir layihə yüzlərlə insanı işlə təmin edəcək. Həmin kəndəki şəxslər üçün iş yerləri yaradılacaq.

Ən əsası isə cəmiyyət bir kəndin timsalında dövlətimizin öz ərazi bütövlüyü uğrunda öz əzmini göstərəcək. Bu ulu öndər Heydər Əliyev və cənab İlham Əliyevin apardığı siyasi kursun növbəti uğurlu qələbəsidir”.

Aydın Mirzəzadə hesab edir ki, bir sərəncam həmin kənd əhalisinə və cəmiyyətə mənəvi cəhətdə rahatlıq və xoş əhval-ruhiyyə verən onlarla digər layihələrin işə düşməsinə səbəb olacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 24-də “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənəddə bildirilir ki, ötən ilin aprel ayında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here