“Blogger Aleksandr Lapşinin ekstradisiyasına dair məsələləri bu prosesə cəlb olunmuş ölkələr etməlidir. Bununla belə, ABŞ söz azadlığının qorunmasının vacib olduğunu xatırladır”.
“Yaxşı olardı ki, bu barədə konkret aidiyyəti ölkələr danışsın. Söz azadlığı bizim üçün önəmlidir”, – deyə Con Kirbi ABŞ-ın blogger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası məsələsinə münasibəti ilə bağlı sualın cavabında deyib.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ötən gün bloger Lapşinin ekstradisiyasının sırf hüquqi müstəvidə baxılan məsələ olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirmiş S.Lapşin barəsində cinayət işi açılıb. Onun barəsində “Interpol” xətti ilə beynəlxalq axtarış elan edilib. MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A. Lapşinin ekstradisiyası üçün müvafiq sənədlər təqdim olunub. Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar”.
Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov məsələ ilə bağlı qeyd edib ki, Moskva istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinədir. O, həmçinin Moskvanın hər hansı ölkədə saxlanılan Rusiya vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib.
VOİCEPRESS.AZ