4 günlük aprel müharibəsi Sərkisyanı taxtdan edir?

31 Yanvar, 12:41

İki aydan sonra Ermənistanda parlament seçkiləri keçiriləcək.



VOİCEPRESS
virtualaz-a istinadən xəbər verir ki, “Azadlıq” radiosunun müxbiri Liz Fuller yazır ki, getdikcə pisləşən iqtisadi vəziyyətə və 2012-ci ildə qazandığı seçki qələbəsinin legitimliyi ətrafında mübahisələrin davam etməsinə baxmayaraq, bu seçkidə prezident Serj Sərkisyanın Respublikaçılar Partiyasının parlament çoxluğu əldə edəcəyi və koalisya hökuməti quracağı gözlənilir.

Yalnız bundan sonra ikinci prezidentlik müddəti 2018-ci ildə başa çatmalı olan Sərkisyan, hakimiyyətini baş nazir kimi davam etdirə bilərdi. 2015-ci ildə keçirilmiş referendumda kiçik səs fərqi ilə ölkənin yarıprezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidi qərarı əldə edilib.

Lakin Sərkisyanın prezidentdən baş nazirə çevrilməsinin bu qədər də sadə olmayacağını düşünməyə əsas verən faktorlar mövcuddur. Son altı ildə əhəmiyyətli islahatlar, daha geniş demokratikləşdirmə vəd edən prezident vədlərinə əməl edə bilməyib.

Halbuki hakim partiyanın 2010-cu ildə keçirilən 20-ci ildönümündə Sərkisyan ölkədə əsl və dərin demokratikləşmə olmadan Ermənistanın durğunluqla üzləşəcəyi barədə xəbərdarlıq etmişdi. O vaxt Sərkisyan ölkədə Avropa standartlarına uyğun demokratiyanın bərqərar olunmasını istədiyini deyirdi. Sərkisyan həm də “Ermənistanın siyasi sisteminin demokratikləşdirilməsindən” və bütün siyasi partiyalar arasında “sivilizasiyalı dialoqdan” bəhs edirdi.

2013-cü ilin fevralında keçirilmiş prezident seçkisinin ərəfəsində də Sərkisyanın vədləri bu barədə idi. O seçkidə Sərkisyan səslərin 58 faizini qazanıb 7 rəqibinə qalib gəlsə də, beynəlxalq müşahidəçilər seçkidə genişmiqyaslı saxtalaşdırmalar qeydə almışdılar. Lakin Sərkisyan nəinki bu vədlərini yerinə yetirməmiş, hətta 2013-cü ilin sentyabrında Avropa İttifaqı ilə üç il davam edən danışıqlardan sonra assosiasiya sazişini imzalamaqdan imtina edərək, ölkənin Avrasiya İttifaqına qoşulmasına dair başqa bir müqaviləni imzalamışdı. O vaxt onun bu hərəkəti bir çox erməniləri məyus etmişdi.

Lakin son 12 ayda baş vermiş bir-birinə bağlı iki hadisə göstərdi ki, Sərkisyanın partiyası yalnız vədlərlə əvvəlki kimi rahat hakimiyyət sürə bilməyəcək. Bu hadisələrdən biri ötən ilin aprelində Qarabağdakı 230 kilometrlik təmas xətti boyunca dörd gün davam edən müharibə idi. Bu müharibədə Ermənistan yüzlərlə əsgərini itirdi, Azərbaycansa 1990-cı illərdə itirdiyi ərazilərin çox kiçik hissəsini özünə qaytardı. Bu müharibədə erməni tərəfinin itkiləri silah-sursatın çatışmaması ilə əlaqələndirilmişdi. Bu isə erməni cəmiyyətində hakimiyyətin çoxdan cilovlamağı vəd etdiyi korrupsiyaya bir daha diqqət çəkdi.

Bəlli olmuşdu ki, ölkədə baş alıb gedən korrupsiya artıq birbaşa milli təhlükəsizliyə hədə yaradır. İkinci hadisə isə iyul ayında “Sasna Tsrer” adlı silahlı qruplaşmanın Yerevanın mərkəzindəki polis şəhərciyini ələ keçirməsi, müxalifət liderlərindən Jirayr Səfilyanın azad edilməsi və Sarkisyanın istefasını tələb etməsi idi.

10-15 silahlının polis şəhərciyini əldə saxladığı günlərdə Yerevanda bu aksiyaya dəstək verən çoxminlik mintinqlər keçirilirdi. Bundan beş həftə sonra baş nazir Ovik Abramyan istefa verməli oldu, onun yerinə isə 53 yaşlı Karen Karapetyanın gətiriləcəyi elan edildi. Karapetyan bundan əvvəl 6 il müddətində Rusiyanın “Gazprom” şirkətində yüksək vəzifələr tutmuşdu.

Liz Fuller yazır ki, belə görünür, Rusiya “Sasna Tsrer”in girov əməliyyatının yalnız beşinci günü bəyanatla çıxış etməyə cəsarəti çatan Sərkisyandan bədgümanlığına görə əhalinin istəklərinə daha real cavab verəcək dəyişiklikləri həyata keçirəcəyinə inandığı Karapetyanı meydana gətirib.

Sarkisyan və keçmiş prezident Robert Köçaryan kimi Karapetyan da Dağlıq Qarabağda doğulub. O özünü sanballı iqtisadi menecer kimi göstərə bilib. Keçmiş güləş çempionu, hazırda isə varlı biznesmen və parlamentdə ikinci böyük partiya olan “Firəvan Ermənistan”ın sədri olan Qagik Tsarukyan deyib ki, “o nə etdiyini bilən adamdır”.

Liz Fuller yazır ki, Karapetyan Yerevanda güclü qüvvə dayaqlarına malik deyil və onun bir neçə nazir təyinatları da bundan xəbər verir. Karapetyan “son dərəcə ağır” iqtisadi vəziyyətin düzəldilməsi üçün islahatların həyata keçiriləcəyini elan etsə də, sonradan monopoliyaların heç də mənfi bir şey olmadığını deyib.

Belə görünür ki, Karapetyan monopoliya sahiblərinin hakim partiyada olduğundan xəbərdardır. Qocaman siyasətçi, 1990-cı illərdə baş nazir olmuş Vazgen Manukyan ümid etdiyini bildirib ki, Karapetyan ölkənin hakim zümrəsi daxilindəki rəqabətdən ustalıqla faydalana biləcək.

Ötən noyabrda hakim partiyanın qurultayında çıxış edən Sərkisyan deyib ki, Karapetyan 2 aprel seçkisindən sonra da baş nazir postunu tutmaqda davam edəcək. Bu isə ondan xəbər verə bilər ki, Sərkisyan hakim partiyanın seçki qələbəsinə əmindir.

Karapetyanın hazırkı postunu nə qədər müddətdə saxlayacağı bilinmir. 2015-ci ilin dekabrında konstitusiyaya edilmiş düzəlişlərə görə kabinet nazirləri millət vəkillərinin arasından seçilməlidir. Lakin texniki baxımdan Karapetyan parlament seçkilərinə qatıla bilməz, çünki qanunlar namizədlərin seçkidən əvvəl azı dörd il müddətində ölkədə yaşamış olmasını tələb edir.

Digər tərəfdən Sərkisyan əvvəllər hakimiyyətdə baş nazir kimi qalmağı planlaşdırmadığını desə də, indi bunu istisna etmədiyini söyləyir. Lakin buna baxmayaraq, Karapetyanı Ermənistana Rusiya gətirib və onun siyasi gələcəyini də Rusiyanın özü müəyyən edə bilər.

Liz Fuller yazır ki, Karapetyan Moskvaya ötən həftə yer almış səfəri zamanı rusiyalı həmkarı Dmitri Medvedevlə mühüm razılaşma imzalayıb. Bu razılaşmaya əsasən, Rusiyanın Ermənistana investisiyası məqsədilə xüsusi fond yaradılmalıdır. Bütün bunlardan əlavə, Moskvada yaşayan erməni əsilli bir neçə biznesmen Karapetyanın islahat proqramlarına tam dəstək bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here