Bu gün FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayacaq.
VOİCEPRESS report-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində keçiriləcək.
Tədbirdə ilk dəfə ən yaxşı azarkeş qrupu mükafatlandırılacaq. Mükafat uğrunda Hollandiyanın “Den Haq”, Almaniyanın “Borussiya” (Dortmund), İngiltərənin “Liverpul” klublarının və İslaniya yığmasının azarkeşləri mübarizə aparır. Qalibi sabiq futbolçular – Zvonimir Boban, Marta, Qabriel Batistuta, ingiltərəli hakim Hovard Uebb və isveçrəli məşqçi Vladimir Petkoviçdən ibarə ekspert qrupu müəyyənləşdirəcək.
İlin ən yaxşı kişi baş məşqçisi adına uğrunda sonuncu İngiltərənin çempionu “Lester”dən Klaudio Ranyeri, AVRO-2016-nın qalibi olmuş Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş və İspaniya “Real Madrid”ində çalışan Zinəddin Zidan arasında ciddi mübarizə gedir.
Daha gərgin mübarizə isə ötən ilin ən yaxşı futbolçusu adı uğrunda gedir. Mükafata namizədlərin hər üçü İspaniya La Liqasında çıxış edir. Bunlar “Real Madrid”dən Kriştianu Ronaldu, “Barselona”dan Lionel Messi və “Atletiko”dan Antuan Qrizmanndır. Artıq Ronaldu və Messi hərəyə bir dəfə bu ada sahib çıxıb.
Cill Ellis (ABŞ), Silviya Nayd (Almaniya) və Pia Sundheycdən (İsveç) biri isə ilin ən yaxşı qadın baş məşqçisi adına sahib çıxacaq. 2016-cı ilin ən yaxşı qadın futbolçusu adına almaniyalı Melani Beringer, braziliyalı Marta Vieyra da Silva və ABŞ-dan Çarli Llyod namizəddir.
Gecədə təqdim olunacaq Puşkaş mükafatına namizədlər braziliyalı Marlon, venesuelalı Daniuşka Rodriges və malayziyalı Mohd Faiz Sabridir.
Bu nominasiyalarla yanaşı ilin simvolik “11-liy”i açıqlanacaq və “fair-play” mükafatı sahibini tapacaq.
Bakı vaxtı ilə saat 21:30-da başlanacaq tədbirin aparıcıları tanınmış amerikalı aktrisa Ava Longoria və almaniyalı spiker Marko Skreyl olacaq.
Qeyd edək ki, müsabiqə 2009-cu ildə Fransanın “France Football” nəşrinin təqdim etdiyi “Qızıl top” mükafatı ilə birləşdirilib. Lakin bu ildən mükafatlar ayrılıqda təqdim olunur.
VOİCEPRESS.AZ